Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür. O, Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti olsa da xalq hər şeydən öncə onu ana obrazında qəbul edir, hər çətinlikdə, sevincdə və kədərdə ona üz tutur. Bu, Mehriban xanım Əliyevanın humanist, xalqına bir ana kimi yanaşması və bütün insanları, insanlığı üzləşdiyi çətinlikdən xilas etmək istəyindən qaynaqlanır.
Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, hər şeydən öncə Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Azərbaycanın uğrunda işləyir, mübarizə aparır.
O, Birinci vitse-prezident kimi dövlət maraqlarının müdafiəsi, Azərbaycanın güclənməsi naminə çalışır.
Birinci xanım kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan uğrunda böyük mübarizəsinə dəstək verir. Heydər Əliyev Fondunun rəhbəri kimi mədəniyyətimizin inkişafından tutmuş humanitar layihələrə qədər genişmiqyaslı fəaliyyət portfelini həyata keçirir. Və bütün fəaliyyətində bir əsas prinsip var - insanları sevindirmək, kədəri sevincə çevirmək!
Mehriban Əliyeva dedikdə, Azərbaycan xanımının siması göz önündə canlanır. Ana kimi şəfqətli və xalqının xoşbəxtliyini hər şeydən üstün tutan xanım. Mehriban Əliyevanın fəaliyyətinə nəzər yetirdikdə Azərbaycanın maraqları naminə müxtəlif sahələrdə böyük uğurlara imza atdığının şahidi oluruq və bunu bütün dünya bilir. Mehriban Əliyevanın titanik fəaliyyətini onlarla, yüzlərlə kitabla əhatə etmək olar. Bir yazıda yalnız bir neçə ştrixə toxunmaq mümkündür.
2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında mühüm layihələrin həyata keçirilməsi kimi titanik işlər görüb.
“Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması kimi layihələrlə minlərlə uşağa yeni həyat verib. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları minlərlə ailəyə sevinc bəxş edib. Heydər Əliyev Fondu tərəfindən ölkədə 500-ə yaxın yeni məktəb inşa olunub, uşaq bağçaları əsaslı təmir edilib.
Mədəniyyət abidələrinin bərpası, qorunması və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycan musiqi incilərinin qorunub saxlanılması və dünya musiqi inciləri sırasında yer alması, Azərbaycanı tanıdan incəsənət festivalları və sərgilərin keçirilməsi kimi işlər reallaşdırılıb. Nəhəng sosial layihələr, ekoloji layihələr, idman sahəsində görülən işlər məlumdur. Bütün bunları saydıqca bitirmək mümkün deyil.
Mehriban Əliyevanın fəaliyyətində ən önəmli məqamlardan biri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan mübarizədə əhəmiyyətli rol oynaması, Prezident İlham Əliyevlə çiyin-çiyinə vuruşmasıdır.
İşğal dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində böyük işlərə imza atıb. Vətən müharibəsinin getdiyi günlərdə yaralı hərbçilərimizə dəstək verib, tarixi zəfər qazandıqdan sonra şəhid ailələri və qazilərin qayğısına qalıb, onlar üçün bir ana olub. Cəbhədəki əsgərlərimizə lazım olan bütün dəstəyi verib. Və bu gün də Azərbaycan uğrunda, dövlətimiz və xalqımız naminə fəaliyyət göstərir.
Mehriban xanım Əliyeva fəaliyyəti boyunca bir çox mühüm tədbirlərin xaricdə və daxildə təşkilatçılığını uğurla həyata keçirib. Misal üçün, 2012-ci ildə Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi tarixə düşdü. Hətta, müsabiqənin müəllifləri bundan sonra heç bir ölkənin bu cür möhtəşəm təşkilatçılığa nail ola bilməyəcəyini açıq şəkildə vurğulayırdılar. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva idi.
Onun sayəsində Azərbaycan həm açılış, həm oyunların təşkili, yarışlar boyunca həyata keçirilən işlər, həm də bağlanış mərasimləri ilə adını dünya idman tarixinə qızıl hərflərlə yazdırdı.
Mehriban Əliyeva beynəlxalq arenada mədəniyyətin qoruyucusu və siyasətdə xanımların örnəyi olaraq tanıyır. O, məhz bəşəri mədəniyyətin qorunması işinə görə “Qızıl Motsart” medalına layiq görülüb. Onun təşəbbüsü ilə indiyə qədər dünyanın müxtəlif yerlərində onlarla mədəniyyət abidəsi bərpa edilib, yüzlərlə uşaq nicat tapıb.
Bəşəri dəyərlərin, humanizmin simvolu Mehriban Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda yox, bütün dünyada həyata keçirdiyi xeyirxah işlər onu bu ada layiq görür. Mehriban Əliyevanın bütün fəaliyyəti boyunca bir prinsip əsas xətlə seçilir: Azərbaycanın maraqlarının qorunması, Azərbaycan xalqının xoşbəxtliyi, humanizm, xeyirxahlıq, insanlara sevinc bəxş etmək və saydıqca bitməyən gözəl işlər.
Onu beynəlxalq aləmdə “Kədəri sevincə çevirən insan” olaraq qiymətləndirirlər. Çünki insanlar həm də bütün insanlıq üçün mübarizə aparır, təkcə Azərbaycanda yox, dünyanın müxtəlif guşələrində kədərləri öz şəfqətli toxunuşu ilə sevincə çevirir.
Vasif Həsənli, Demokrat.az xəbər portalının rəhbəri