Tarixi mənbələrə əsasən 400 ildən çox yaşı olan Kəlbəcər rayonunun Başlıbel kəndi Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşir, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə qərar tutub. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinın hərbi təcavüzündən əvvəl 1996 sakini olan kənddə 259 fərdi ev, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxana olub.
1993-cü il aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edərkən kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq dörd aya yaxın mühasirə həyatı yaşayıb. Erməni quldur birləşmələri kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Mühasirədə qalan 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.
Bizim.Media xəbər verir ki, kəndin sakinlərindən bir neçəsi ikinci dəfə doğma yurda gedərək mühasirə günlərində sığınacaq yeri olan kahaları və “Portda” kahasının ətrafında dəfn edilmiş həmyerlilərinin məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, aprelin 18-də Ermənistan hərbçiləri sakinlərin sığındıqları kahaların yerini müəyyənləşdirərək onlardan 12 nəfəri qətlə yetiriblər.
Daha 6 nəfər isə kəndin digər ərazilərində öldürülüb, 14 nəfər girov götürülüb. Sağ qalan 30 nəfər dağlara çəkilərək iyulun 22-dək başqa kahalarda yaşayıblar. Onlardan yalnız 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxaraq xilas olub.
Ziyarətdə iştirak edən kənd sakini, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov AZƏRTAC-ın müxbirinə deyib: “ Axar-baxarlı kəndimizi, onun həyətlərini, bağ-bağçalarını, biçənəklərini tanınmaz halda görmək çox ağır idi. 259 evdən biri də salamat deyil. Evləri tövlələrdən, tövləni evlərdən ayırmaq olmur. Elektrik və rabitə xətlərindən əsər-əlamət yoxdur, ermənilər dirəkləri, transformatorları da çıxarıb aparıblar…
Kənd qəbiristanlığında düşmənin güllələmədiyi, zərər vurmadığı bir məzar da yoxdur, bütün baş daşları sındırılıb, daşlar üzərindəki şəkillər gülləbaran edilib, bəzi qəbirlər isə vəhşicəsinə eşilib. Ermənilər sanki ölülərdən, məzar daşlarından da qisas alırlarmış.
Sonra bir-birindən 30-40 metr məsafədə yerləşən iki qayada 6 kahadan ibarət sğınacaqlara baş çəkdik.
Burda izləri qalan əşyalar kahalarda yaşanan məşum və dəhşətli mühasirə günlərini xatırladır -vedrələr, qazanlar, çaydan, qəndqabı, stəkan-nəlbəki, müxtəlif həcmli su qabları və şüşə balonlar, 20 litrlik neft bidonu, “maşinka” adlandırdığımız, neftlə işləyən qızdırıcı, qadın və uşaq geyimləri, ayaqqabılar, uşaq çəkməsi, yorğan-döşəklər, mühasirədə qalanların yeganə informasiya mənbəyi olan radioqəbuledicinin akkumulyatoru... Qab-qacaqların, demək olar ki, hamısında düşmən güllələrinin izləri var. Yorğan-döşəklər cırılıb, didilib, yun kahaların içərisinə dağılıb, ermənilərin köməksiz insanlara atdıqları güllələrin boş gilizlərinə də rast gəldik”.
Kəndi ziyarət edərkən 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun doğulduğu evi tapdıq. Evin qalıqları üzərində Azərbaycan və Türkiyə bayraqları qaldırdıq. (AZƏRTAC)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:07 / 11.05.2021
Kəlbəcərin Başlıbel kəndinin sakinləri 2-ci dəfə doğma yurdlarına getdilər
Hazırda oxunan: Kəlbəcərin Başlıbel kəndinin sakinləri 2-ci dəfə doğma yurdlarına getdilər
Hazırda oxunan: Kəlbəcərin Başlıbel kəndinin sakinləri 2-ci dəfə doğma yurdlarına getdilər
20799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.