Peşə hazırlığından nə qədər insan YARARLANIB? – Rəsmi AÇIQLAMA

Peşə hazırlığından nə qədər insan YARARLANIB? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Peşə hazırlığından nə qədər insan YARARLANIB? – Rəsmi AÇIQLAMA

207720

Dövlət Məşğulluq Agentliyinin istiqamətlərindən biri də peşə hazırlığının təşkilidir. İşaxtaran və işsiz şəxslər agentliyə müraciət edərək bu kurslardan yararlana bilərlər. Hətta kurs dövründə iştirakçılara təqaüd ödənilir və bitirdikdən sonra işlə təmin olunma vədi verilir.

Bəs kimlər Məşğulluq Agentliyinin peşə hazırlıqlarından yararlana bilərlər?

Dövlət Məşğulluq Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq qəbul şərtləri barədə məlumat verilib.
 


MÖVZU İLƏ BAĞLI:

 Peşə təhsilinə BİGANƏLİK – Niyə hər kəs ali təhsil almaq həvəsindədir?

 

“Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar və şəhid ailəsinin üzvlərinə üstünlük verilir. Qeyd edək ki, peşə hazırlığı kursları əmək bazarının əsas istiqamətləri üzrə Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həmçinin əlavə təhsili həyata keçirən digər tədris  müəssisələrində təşkil olunur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, peşə hazırlığı 6 ayadək müddətdə həyata keçirilir”.

İşlə təmin olunma

Agentlikdən bildirilib ki, kursları bitirənlərin işlə təmin olunmasına dəstək göstərilir.

“Peşə hazırlığına cəlb olunaraq müvafiq kurslarda iştirak etmək istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilirlər. Orada karyera məsləhətçiləri tərəfindən vətəndaşların məşğulluq imkanları qiymətləndirilərək onlar üçün fərdi məşğulluq proqramı tərtib edilir və fərdi məşğulluq proqramında peşə hazırlığı uyğun tədbir kimi müəyyən olunan şəxslərlə kurslara cəlb olunmaları üzrə iş aparılır. Belə ki, vətəndaşlar növbəli qaydada işəgötürənlərlə müsahibələrə cəlb edilirlər və daha sonra qruplar formalaşdırılaraq tədrisə başlanılır. Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərin işlə təmin olunmasına dəstək göstərilir”.

Nə qədər insan bu kurslara müraciət edib?

DMA-dan verilən məlumata görə, kurslara cəlb olunanların sayı ötən ilə nisbətən çoxalıb:

“Ötən il ümumilikdə 9518 nəfər peşə hazırlığına cəlb olunub. Kursları uğurla bitirən şəxslərdən 69.1%-i işlə təmin olunub. Cari ilin 7 ayı əzində isə 10 091 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 4892 nəfəri kursu bitirib və bu şəxslərin də iş ilə təmin olunması istiqamətində tədbirlər görülür. Hazırda peşə hazırlığı kurslarına cəlb olunmuş digər şəxslərin tədris prosesi davam etdirilir.

Qeyd edək ki, hazırda Agentliyin Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı Mərkəzləri ilə yanaşı peşə hazırılğının təşkilində əməkdaşlıq edilən özəl tədris müəssisələrində peşə hazırlığı kursları həyata keçirilir. Bununla yanaşı, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da peşə hazırlığı mərkəzlərinin açılması, regionlarda yaşayan vətəndaşlar üçün peşə hazırlığına əlçatanlığın artırılması istiqamətində işlər həyata keçirilir”.

Peşə hazırlığına cəlb olunan şəxslər üçün təqaüd 2 dəfə azaldılıb

Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqı miqdarında təqaüd verilirdi. Amma artıq təqaüd minimum əməkhaqqının 50 faizi qədər azaldılıb.  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq. Təqaüdün azaldılması peşə hazırlığından sui-istifadə hallarının qarşısını almaq üçün tətbiq olunub.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən əmək bazarının 175 aktual istiqaməti üzrə kurslar təşkil edilir. Sahələrlə linkə keçid edərək tanış olmaq mümkündür.

Nuray, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO