Bu gün antiterror tədbirlərində qəhrəmanlıq göstərərək şəhid olan əsgər Ülvi Mikayılovun doğum günüdür.
Şəhid Ülvi Mikayılovun ailəsi yeni qurulmuş Füzuli şəhərində yaşayır. Elə Ülvinin məzarı da işğaldan azad edilmiş doğma rayonundadır. Valideynlərinin sözlərinə görə, igid döyüşçü Füzulini görməsə də, buralara çox bağlı olub. Ən böyük arzusu isə dədə-baba yurdunda yaşamaq imiş. Amma Ülvi və onun kimi igidlər öz həyatları bahasına bütöv Azərbaycan xalqının yurd həsrətinə son qoydu. Özləri isə əbədi olaraq ürəklərdə yaşamağı seçdilər.
İgidlik, Qəhrəmanlıq göstərməklə...
"Antiterror zamanı mən onun komandiri ilə əlaqə saxladım. Soruşdum Ülvi necədir? Dedi “Ülvi yox, de ki, qəhrəman necədir”. Dedi “Ülvi döyüşçü kimi bir döyüşçüdü, əsgər kimi bir əsgərdir”. Ülvi haqqında sənə çox sözlər var deyiləsi. Leytenant Tapdıq Bayramov dedi bu sözləri. O da şəhid oldu", - deyə şəhidin anası Günel Abbasova bildirib.
Günel xanım Ülvi ilə bağlı yarımçıq qalan arzularını da dilə gətirib:
"Bu gün balamın ad günüdür, amma o yoxdur. Mən ona söz vermişdim. Mən ona əsgər yığıncağı etmədim. Dedim sağ-salamat gəl, mən sənə aşıqlı ad günü keçirdəcəm. Toy ilə keçirdəcəm ad gününü. Qismət olmadı. Bu gün balama mövlud keçirirəm".
Ülvi Mikayılov 20 avqust 2004-cü ildə Bakıda köçkün ailəsində doğulmuşdu. Atası, anası Füzulidən köçkün düşmüşdülər. Ülvi uşaqlıqdan vətənə sevgi, düşmənə nifrət hissi ilə böyümüşdü. Bir gün torpaqların azad olunmasında aparılacaq döyüşlərdə iştirak edəcəyinə inanırdı. 44 günlük Vətən müharibəsində yaşı az olduğu üçün döyüşlərə qatıla bilməsə də, antiterror tədbirlərində arzusunu reallaşdırıdı.
Qəhrəmanlıq göstərdi, düşmənin texnika və canlı qüvvəsini məhv etdi. Özü isə şəhidlik zirvəsinə yüksəldi. Valideynləri isə onun iki ən böyük istəyini reallaşdırdılar. Ülvini doğma Füzuli torpağında dəfn etdilər və şəhidlərimizin canı, qanı bahasına alınan Füzuli şəhərinə köçdülər.
"Hələ bağcada olarkən qəhrəman kimi böyüdü. O vaxtdan başına göy beretkanı qoyurdu şəkilləri də var. Hər zaman deyirdi ki ata böyüyəndə də mən bu papağı qoyacam başıma və elə də oldu. Ülvi idmançı kimi də gözəl bir idmançı idi. Qaydasız döyüşlə, cüdo ilə məşğul olurdu. Komandoya daxil olmaq istəyirdi, dedim ki, ol. Komando sertifikatını aldı", - deyə atası Bəhruz Mikayılov bildirib.
Qeyd edək ki, Ülvi Mikayılov ərazi bütövlüyümüzün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənib. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Subay və ailənin tək oğul övladı idi.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 20.08.2024
Şəhid Ülvi Mikayılovun DÖYÜŞ YOLU – “Komandiri dedi ki...” – FOTO
Hazırda oxunan: Şəhid Ülvi Mikayılovun DÖYÜŞ YOLU – “Komandiri dedi ki...” – FOTO
Hazırda oxunan: Şəhid Ülvi Mikayılovun DÖYÜŞ YOLU – “Komandiri dedi ki...” – FOTO
207545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.