Peşə təhsilinə BİGANƏLİK – Niyə hər kəs ali təhsil almaq həvəsindədir?

Peşə təhsilinə BİGANƏLİK – Niyə hər kəs ali təhsil almaq həvəsindədir?

Hazırda oxunan: Peşə təhsilinə BİGANƏLİK – Niyə hər kəs ali təhsil almaq həvəsindədir?

207369

Azərbaycanda son dönəmlər peşə təhsilinə maraq çoxalıb. Buna rəğmən cəmiyyətdə peşə məktəblərinə qarşı həmişə önyarğı sezilir. Valideynlər peşə məktəblərinə zəif uşaqların getdiyini düşünür deyə öz övladlarını bura yönəltmək istəmirlər. Hətta heç bir ali məktəbə qəbul olmaması peşə məktəbinə qəbul olmasından üstün tutulur. Dost-tanış, qohum-əqrəbaya demək üçün övladlarını ali təhsil almağa məcbur edənlər çoxdur. Nəticədə oxuduğu ixtisas üzrə iş tapmayıb, heç bir peşəyə yiyələnməyən gənclərimiz çoxalır. 

Cəmiyyətdə peşə təhsilinə biganəlik

Təhsil eksperti Elçin Süleymanov Bizim.Media-ya açıqlamasında cəmiyyətdə peşə məktəblərinə olan önyarğıdan danışıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Peşə təhsil müəssisələrinə qəbul olanların qeydiyyat prosesi bu tarixdən BAŞLAYACAQ


“Peşə məktəblərinə Sovet vaxtından önyarğı var idi. Daha çox zəif göstəriciləri olan şagirdlər yönləndirilirdi. Məzun olduqdan sonra isə müxtəlif zavod və fabriklərdə işləyirdilər. Peşə məktəblərində maddi texniki baza o vaxt yaxşı idi. Sonradan zavod və fabriklərin dağılması, yeni sistemə keçirilməsi bu sahədə uzun müddət boşluq yaratdı. Amma son illərdə Peşə Təhsili Agentliyinin qurulması, peşə məktəblərinin yenilənməsi, həm Elm və Təhsil Nazirliyi, həm İqtisadiyyat Nazirliyi nəzdində müxtəlif xarici dövlətlərlə birlikdə müqavilələrin imzalanması ənənəvi peşə təhsil sistemini müasirləşdirir”.

Peşə təhsili alanlara ehtiyac var?

Ekspert deyir ki, hazırda peşə məktəblərinin maddi texniki bazası kifayət qədər müasirdi. 

“Dolayısı ilə əslində valideynlər övladlarının kariyerasını düşünərkən “sırf ali təhsili olsun” deyə düşünməməlidirlər. Xüsusilə hazırda peşələrdə ciddi çatışmazlıq var. Enerji ilə əlaqəli mütəxəssislər, kənd təsərrüfatı, turizm, İT, kompüter proqramlaşması ilə əlaqəli peşə təhsili mərkəzlərində ixtisaslaşmış kadrlara ehtiyac var. Ali təhsili bitirib uzun müddət işsiz qalmaqdansa, peşə təhsilini bitirən kimi iş tapmaq insanları həvəsləndirir”. 

Peşə təhsilində üstünlük verilən ixtisaslar

Qeyd edək ki, 2024-cü il 29 iyul tarixindən başlayan peşə təhsilinə tələbə qəbulunun I mərhələsində 27 269 şəxs 87 656 ixtisas üçün müraciət edib. Peşə təhsili almaq istəyən şəxslər daha çox İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust – 3 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO