Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov rayonun ən yaşlı sakini ilə görüşüb.
Bizim.Media xəbər verir ki, deputatlığa namizəd görüşlə bağlı xoş təəssüratlarını paylaşıb, seçicisinin dərdləri ilə maraqlanıb.
“Namizəd olduğum seçki dairəsinin ən yaşlı seçicisi, 1927-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olmuş Çiçək Əliyevanı evində ziyarət etdim. II Dünya Müharibəsinin ağrı-acısının, doğma kəndindən qaçqın düşməyin çətinliyinin öhdəsindən gəlmiş, əmək veteranı Çiçək nənə beş övlad böyütmüşdür. Çiçək nənə əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də səs verəcəyini bildirdi”, - o, vurğulayıb.
Q.Məmmədov Çiçək nənənin xeyir duasını alıb, onun mətanətindən ilham aldığını bildirib:
“Doğma Gözəldərənin həsrəti ilə yaşadığını qeyd edən Çiçək nənə, öz yurduna qayıdacaqlarına tam inandığını bildirdi. Çiçək nənənin mətanəti bizim üçün ilham mənbəyidir”.
Qeyd edək ki, Qaya Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb.
O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib. O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir.
Bizim.Media