Əvvəllər avtobusdan düşəndə yarım saat çantamızda, cibimizdə qurdalanıb qəpik axtarırdıq. İndiki kimi çox olmasa da qəpik-quruşun cınqıltısı avtobusu bürüyürdü. Bəzən qəpikləri sürücüyə uzatdığımız yerdə əlimizdən çıxır, avtobusun pilləkənləri ilə dığırlanıb gedirdi, tuta bilsə, sürücünün, bilməsə kiminsə qisməti olurdu. Bakıdakı marşrut avtobuslarında 7 ildir kart sistemi tətbiq olunsa da, bu mənzərə hələ də Bakının qəsəbə və kənd avtobuslarında görünməkdədir.
Paytaxtın mərkəzi küçə və propektlərində hərəkət edən marşrut avtobusları isə kart sistemi ilə işləyir. Yenilik tərəfdarı olmayanlar narazı olsalar da zamanla “əziz bakılılar və şəhərimizin qonaqları” buna öyrəşdi.
MÖVZU İLƏ BAĞLI:
"BakıKart"ın rəhbəri DƏYİŞDİ
Hər kəs tək bir kartla həm metrodan, həm də avtobusdan istifadə edir. Dəyəri 2 manat olan “Bakıkart”ın balansını artırmaq üçün də bir neçə yol düşünüldü. Bakının az qala bütün dayanacaqlarında “Bakıkart” aparatları quraşdırıldı. Hər şey bu qədər yaxşıya doğru gedərkən dayanacaqlardan həmin aparatlar məntiqsiz səbəblərlə yığışdırıldı. Əvəzində dayanacaqların az qismində və ya dayanacağa çox yaxın olduğu iddia edilən mağazalarda “MilliÖN” aparatları yerləşdirildi. Təbii ki, hər dəyişdirilmə prosesi də müəyyən vəsait hesabına başa gəldi.
2021-ci ildə keçmiş Bakı Nəqliyyat Agentliyi az qala çörəyi də onlayn şəkildə aldığımızı nəzərə alıb, sözügedən kartın balansını onlayn artırmağın da mümkün olacağı müjdəsini verdi. Muştuluq verəcək qədər sevindiyimiz xəbərin içində ömür boyu qəpik-quruşla oynayan camaatı bir məsələ narahat edirdi:
“Məbləğ balansa ən geci bir saat ərzində otururdu...”
Bəzən elə ən tezi də bir saat çəkirdi. Bir neçə avtobus yola salandan sonra kartında pul olduğu aydın olurdu.
Bundan başqa bu il bir yaşını qeyd etdiyimiz “Bakıkart” mobil tətbiqi istifadəyə verildi. O tətbiq də bir gün işlədi, beş gün texniki problem adıyla “dincəldi”.
Hazırda “Bakıkart” tətbiqi günlərdir işləmir. Təkcə işləməyən sistem deyil, “Bakıkart”ın keçmiş rəhbəri də artıq orada işləmir. Yəni "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işindən kənarlaşdırılıb. Şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.
İndi tətbiqdə rəhbərinmi, parolunmu dəyişilməli olduğunu bilmirik.
Tətbiqin hansı səbəbdən işləməməsi və problemin nə zaman həll olunacağı haqda rəsmi məlumat verilmir.
Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, "BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.
Günay Şahmar, Bizim.Media