Əhaliyə XƏBƏRDARLIQ – Sosial şəbəkələrdə yeni fırıldaqçılıq növü YAYILDI

Əhaliyə XƏBƏRDARLIQ – Sosial şəbəkələrdə yeni fırıldaqçılıq növü YAYILDI

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ – Sosial şəbəkələrdə yeni fırıldaqçılıq növü YAYILDI

206484

Bir çox insanın iş qurmasına, dost-tanış qazanmasına yardımçı olan sosial şəbəkələrin zərərləri də çoxdur. Belə ki, virtual dünyada belə iş başında olan dələduzlar insanların inamından istifadə edib, müxtəlif yollarla pul əldə edirlər. Ən çox yayılan fırıldaq növü işədüzəltmə vədi, ehtiyac sahibləri və xəstələrin adından istifadə edərək yardım toplamaqdır. 

Yeni fırıldaq yollarına əl atan dələduzlar həqiqətən də yardıma ehtiyacı olan insanların fotolarını, bank məlumatlarını əldə edərək sosial şəbəkələrdə daha çox izləyicisi olan şəxslərə göndərib, onları aldadaraq pul əldə etməyə çalışırlar. Onlar insanların mərhəmət hissindən istifadə edib, öz çirkin niyyətlərinə çatmaqla yanaşı, həm də həqiqi yardıma ehtiyacı olan şəxslərin ümidlərini puç edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət etdi


Bəzi fırıldaqçılar isə bu yollarla şəxslərin bank hesablarını da ələ keçirməyə müvəffəq olurlar.

Ümumiyyətlə, bank hesabını paylaşaraq yardım və ianə toplamaq qanunidirmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, fərdə aid istənilən məlumat onun razılığı əsasında paylaşılmalıdır:

“Şəxsə aid istənilən məlumat "Fərdi məlumat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlınir. Həmin Qanunun 8.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən, gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. 

Maddənin tələbi odur ki, sosial şəbəkədə və ya başqa informasiya sistemlərində şəxsə aid fərdi məlumatlar yalnız onun razılığı ilə paylaşıla bilər. Qeyd etdiyiniz məlumatların sosial şəbəkədə paylanılması ola bilər ki, vətəndaşın razılığı ilə həyata keçirilib, əgər burada da vətəndaşın razılığı yoxdursa, qanunla vətəndaşın həmin məlumatlarla tanış olmaq və onun mənbəyi haqqında məlumat almaq hüququ var və bunu tələb etməlidir”.

Bu şəxsləri hansı cəza gözləyir?

Hüquqşünas qeyd edib ki, məlumatın xüsusi məqsədlə paylaşılması və yığılan vəsaitin mənimsənilməsi dələduzluq hesab edilir:

“Bəzən şəxsin inam və etibarından sui-istifadə edərək bu kimi yollara əl atırlar.  Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir. 178.1-ci maddədə göstərilir ki,  dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO