Taksi qiymətləri yüksələndən bəri ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur.
Belə ki, 2024 ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235,058 milyon sərnişin daşınıb. AYNA-nın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.
İctimai nəqliyyatın qiyməti artırılsa da, insanlar keyfiyyətindən narazıdırlar. Bəs ictimai nəqliyyatın keyfiyyəti necə artırıla bilər?
“Təkcə kişi sürücülər yox, qadın sürücülər də olmalıdır”
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizim.Media-ya ictimai nəqliyyatdakı problemlərdən danışıb.
“Hal-hazırda ictimai nəqliyyatın yaxşılaşdırılması üçün bir çox tədbirlər görülür. Velozolaqlar, avtobus zolaqlarının yaradılması bu istiqamətdəki addımlardan bəziləridir. Sadəcə nəzarət güclənməlidir. Biz də istəyərdik ki, trolleybus və tramvaylar yenidən fəaliyyət göstərsin. Amma bu hazırda real deyil. Keyfiyyətin artması üçün maliyyə dayanıqlığı təmin olunmalıdır, biznes modeli dəyişdirilməlidir.
Kondisonerlərin olmaması və işləməməsi, sürücülərin peşəkarlıq məsələsi ictimai nəqliyyatdakı əsas problemlərdir. Həm də sürücülərin maaşı artırılmalıdır, çünki ciddi sürücü qıtlığı var. Bu sahə stresli sahədir. Bu stresin azaldılması yönündə məhz bəzi stimullaşdırıcı addımlar atılmalıdır. Gender bərabərliyi də olmalıdır. Təkcə kişi sürücülər yox, qadın sürücülər də olmalıdır. Elan olunub ki, payıza qədər yeni 160 elektrobus buraxılacaq. Bu da şəhərdə daha keyfiyyətli ictimai nəqliyyat seqmenti üzrə xidmətin göstərilməsinə gətirib çıxaracaq. Bundan başqa sərnişin axınını bölüşdürmək üçün stansiyaların sayı çoxalmalıdır”.
Köhnə təcrübələrin yenilərlə əvəz olunması...
Rauf Ağamirzəyev düşünür ki, metropolitendəki xətlər ayrılmalıdır.
“Metrostansiyada olan 3 xəttin (qırmızı, yaşıl, bənövşəyi) hər biri müstəqil fəaliyyət göstərməlidir. Bu da daha qısa intervalla daha çox sərnişinin daşınmasına gətirib çıxaracaq. Bunun üçün xətlərin ayrılması layihəsi icra olunmalıdır. İndi “28 may”la “Cəfər Cabbarlı” stansiyası bir müstəvidə kəsişir. İndi dünyada elə bir analoq yoxdur. Bu Sovet dönəmindən qalan yanlışdır.
Keçid stansiyası fəaliyyət göstərməlidir. Yəni yaşıl xətt öz xətti ilə getməlidir, keçidlə qırmızı xəttə keçməlidir. Həmçinin “Xətai” “Həzi Aslanov”la, “Dərnəgül” də “Koroğlu” ilə birləşməlidir. Bənövşəyi xətt isə Heydər Əliyev Adına İdman Sərgi Kompleksinin arxa tərəfində tikilən stansiyaya birləşməlidir. Həmin stansiyanın şəhər mərkəzi və Ağ şəhərə kimi uzadılmasına ehtiyac var. Bu daha funksional hərəkəti təmin edəcək və şəhərin şərqi ilə qərbi arasında artıq indiki kimi bir xətt üzərindən yox, 3 xətt üzərindən getmək olacaq. Bu da şəhər nəqliyyatında yerüstü nəqliyyatda yükün parçalanmasına və daha optimal səfər təşkilinə gətirib çıxaracaq”.
Nuray, Bizim.Media