Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatı zamanı 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, idarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb.
Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.
K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media