Valideynlərə XƏBƏRDARLIQ: “Övladlarınız kitab oxumursa…”

Valideynlərə XƏBƏRDARLIQ: “Övladlarınız kitab oxumursa…”

Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ: “Övladlarınız kitab oxumursa…”

205862

Texnologiyanın inkişafı bizim üçün yeni vərdişlər yaratsa da, bəzilərini həyatımızdan çıxarır və ya azaldır. Buna nümunə olaraq, kitab oxumağı göstərmək olar.

Günümüzdə insanlar, xüsusilə, uşaqlar mütaliə etməyə, kitablardan  məlumat almağa qarşı həvəssizdirlər. Ancaq mütəxəssislərin fikrinə görə, kitab oxumaq həm uşaqların təxəyyülünü, nitqini inkişaf etdirir, həm də uşaqların oxuduqlarını anlamasına, dərindən düşünməyə vadar edir. 

Bəs uşaqların mütaliə etməməsinin səbəbi ailədən asılıdır, yoxsa texnologiyanın inkişafından?

Sözügedən məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Gülnar Orucova uşaqların kitablara qarşı həvəssizliklərini valideynlərin davranışları ilə əlaqələndirir:

“Uşaqlar valideynlərin təkrarıdır. Yəni, əgər valideynin əlində kitab yoxdursa, uşaq da kitab oxumayacaq. Çünki o, valideyninin əlindəki kitaba maraq göstərərək bunu oxuyacaq. Buna görə də valideyn internetdən video açıb uşağına nağıl dinlətsə, uşağın nağılı kitabdan oxumağa həvəsi olmayacaq.”,- deyə psixoloq bildirib.

Bundan əlavə, psixoloq vurğulayıb ki, şəkilsiz kitablar da uşaqlarda həvəssizlik yaradır.

Valideynlər belə hallarda nə etməlidirlər?

‘‘Valideyn özü də kitab oxumaqla yanaşı, övladına kiçik yaşlardan etibarən oyuncaq əvəzinə əyani, uşağı inkişaf etdirən  vəsaitlər, oyunlar almalı və oynamalıdır ki, uşaq bu mərhələlərdən sonra kitab oxumağa başlasın.  

Türkiyədə çox gözəl formada nəşr olunan bəzi kitablar var. Deməli, bu kitablarda balaca şəkillər və yanlarında yazıları var, belə kitablar da uşaqların diqqətini çox çəkir. Bu gün uşaq ədəbiyyatı ölkəmizdə az inkişaf etdiyi üçün burada elə kitabları görmürəm”.

Qeyd etmək lazımdır ki, övladı tez-tez kitab oxuyan valideynlər də var. Belə valideynlərdən biri də Aybikə Quluzadədir. 

Bəs Aybikə xanım bunu necə bacarıb?

Müsahibimiz qeyd edib ki, o özü də kitabsevərdir. 

“1 yaşından başlayaraq övladlarımızın ad günündə hələ oxumağı bilməsələr də, onlara kitab hədiyyə edirdik və kiçik yaşlarından şəkilli nağıl kitablarını onların əllərinə verirdim, kitabların cırılmağından narahat olmurdum. Başlarda kitabla oyuncaq kimi oynasaq da, daha sonra sırayla hecalı kitabları, bədii kitabları və s. oxumağa başladıq. Çalışırdım ki, övladlarıma yatmazdan öncə  də nağıllar oxuyum.

Artıq  uşaqlar oxumağı, yazmağı öyrəndikdən sonra kitabları oxuyarkən maraqlı hissəsində yarıda saxlayıb onlara tapşırırdım ki, sabah bu hissədən özləri oxusun. Sonrakı illər onların həvəssiz olduqları vaxtda belə özümlə kitab sərgilərinə, yarmarkalara, imza günlərinə aparırdım”.

Bəs uşaqları smartfonlardan necə uzaq tutmaq olar?

“Övladlarıma hər zaman məsləhət verirəm ki, telefonla məşğul olsalar da, boş, mənasız vaxt keçirmək əvəzinə, özlərinə daha faydalı olacaq fəaliyyətlərlə yönəlsinlər”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO