Sakinlər Füzulidə tank əleyhinə mina aşkar etdilər - FOTO/VİDEO

Sakinlər Füzulidə tank əleyhinə mina aşkar etdilər - FOTO/VİDEO

Hazırda oxunan: Sakinlər Füzulidə tank əleyhinə mina aşkar etdilər - FOTO/VİDEO

205831

Böyük Qayıdış proqramı çərçivəsində bu il Füzuli şəhərinə köçürülmüş Cəfərovlar ailəsinin üzvləri yaxın qohumları ilə birlikdə səyahətə çıxdıqları Xocavənd rayonunun Azıx kəndi yaxınlığında avtomobil yolunun kənarında tank əleyhinə mina aşkar edib və bu barədə dərhal müvafiq qurumlara məlumat veriblər. Qısa müddətdə hadisə yerinə gələn ANAMA əməkdaşları tank əleyhinə 2 ədəd minanı zərərsizləşdiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, məhz mina təhlükəsizliyi ilə bağlı aparılan maarifləndirmə tədbirləri Cəfərovlar ailəsinin üzvlərinə mümkün faciənin qarşısını almaq imkanı yaradıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə əsasən, işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən çoxsaylı tədbirlər çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə təşkilatçılığı və əməkdaşlığı, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərinə köçürülən məcburi köçkün ailələri mina təhlükəsizliyi ilə bağlı maarifləndirici təlimlərə cəlb ediliblər. 

Bu təlimlərdə iştirakçılara minaların növləri, formaları, yerləşdirilmələri, eləcə də qarşılaşdıqları hallarda necə davranmalı olmaları və təhlükəsizlik tədbirləri barədə lazımi məlumatlar açıqlanıb.

Təlimlərin sonunda iştirakçılara qeyd olunanları özündə əks etdirən məlumatlandırıcı broşürlar paylanıb. 

Cəfərovlar ailəsinin üzvü Xuraman xanım üzləşdikləri təhlükənin necə aradan qaldırıldığı barədə danışarkən deyib ki, torpaq qatı altında üzəri açılmış iki ədəd yad əşya gördükdə onların mina olduğunu dərhal anlayıb, bu sahədə məlumatlı olduqları üçün həyəcan keçirməyib və təlimlər zamanı öyrəndikləri təlimata uyğun davranıblar. Bu isə böyük bir təhlükənin baş verməsinin qarşısını almağa imkan yaradıb. 
 

Xatırladaq ki, Füzuli şəhərində bu ilin iyul-avqust ayları ərzində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinə 1100-dən çox sakin cəlb olunub. Ümumilikdə isə, müvafiq təlimlər 20 mindən çox məcburi köçkünü əhatə edib. 


Qeyd edək ki, məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə təlimlərin silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO