Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd olan Fariz İsmayılzadə təşviqat kampaniyasına start verib.
Bizim.Media xəbər verir ki, bitərəf namizəd olan Fariz İsmayılzadə “Vətənim Azərbaycan naminə, doğma Lənkəran naminə!” şüarı ilə seçicilərinə müraciət edib.
Qeyd edək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb.
O, daha sonra 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsilini alıb. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.
Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.
O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.
Fariz İsmayılzadə son olaraq ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Bizim.Media