70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınan ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov namizdəliyini geri çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə “Facebook” hesabında özü məlumat verib:
“Uzunmüddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim. Bu qərarı vermək mənim üçün asan olmadı. Qərar qəbul edərkən birmənalı olaraq xalqımızın, dövlətin mənafelərini və gələcəyini ön planda tutdum.
Bu müddət ərzində mənə dəstək olan, inanan və yanımda olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm.
Sizin etimadınız və dəstəyiniz mənim üçün hər zaman ən böyük motivasiya mənbəyi olub. Seçki prosesi mənə çox şey öyrətdi. Namizədliyimi geri çəkmək qərarı dövlətə, vətənimə xidmət etməkdən imtina etdiyim anlamına gəlmir. Əksinə, cəmiyyətimiz üçün daha çox çalışmağa, daha yaxşı bir gələcək qurmaq üçün fərqli yollarla davam edəcəyəm. Hamımızın ortaq məqsədi daha ədalətli, daha əmin-amanlıq içində və daha firavan bir cəmiyyət yaratmaqdır. Bu məqsəd doğrultusunda əlimdən gələni etməyə davam edəcəyəm”, - deyə Kamran Əsədov əlavə edib.
Qeyd edək ki, 70 saylı (əvvəl 61 saylı idi) Neftçala seçki dairəsindən namizədliyini Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı irəli sürüb.
Həmin seçki dairəsindən Tənzilə Rüstəmxanlının həyat yoldaşı, xalq şairi, istiqlalçı deputat Sabir Rüstəmxanlı 6-cı çağırış Milli Məclis seçkilərində deputat seçilmişdi.
Bizim.Media