Sertifikatlaşdırma komissiyasına müraciət edən 90 nəfər şəhid ailəsi üzvü işlə təmin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Agentliyindən məlumat verilib.
Bildirilib ki, Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan sertifikatlaşdırma prosesi ilə bağlı komissiyalara bu günə qədər ümumilikdə 3700-dən çox vətəndaş müraciət edib.
Məlumata əsasən 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib.
Bununla yanaşı 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.
Qeyd edilib ki, təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədi ilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək.
Bizim.Media