Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bu inkişafdan təsirlənənlərə azyaşlılar da daxildir. Bir çox valideyn uşaqların yemək yeməsi, sakitləşməsi üçün telefondan, televizordan mütəmadi olaraq istifadə edirlər. Ancaq mütəxəssislər 0-3 yaş qrupuna daxil olan uşaqların televizor izləməsini məsləhət görmürlər. Bunun əsas səbəbi isə 3 yaşa qədərki dövrün uşaqların beyin inkişafı üçün önəmli olmasıdır.
Ekspertlər qeyd edirlər ki, 3 yaşa qədər uşaqların saatlarla televizora baxması, telefonla oynaması onların inkişafında müəyyən geriliklərə səbəb ola bilər.
Valideynlər uşaqların telefonla vaxt keçirməsinə niyə imkan yaradırlar?
Övladlarında ekran asılılığı yaranan valideynlərdən biri də Məmmədova Müjgandır (şərti ad). O, Bizim.Media-ya açıqlamasında bildirib ki, uşaqlarının daha sakit yemək yeməsi üçün onlara telefon verir:
"Telefonun uşaqlara təsirləri var, daha eqoist olurlar və hərəkətli oyunlardan, fəaliyyətlərdən uzaqlaşırlar. Ancaq birbirləri ilə mübahisələrinin qarşısını almaq üçün telefon verməyə məcbur oluram. 2 yaşından başlayaraq, telefon verdiyim üçün artıq onlarda asılılıq yarandığını hiss edirəm. Düşünürəm ki, bu asılılıq onlar oyunlara öyrəşdikləri üçün yaranır. Uşaqların izləmələri üçün öyrədici videolar tapmağa çalışıram, bunun da müsbət cəhətlərini görürəm".
Müsahibimiz deyir ki, uşaqların telefondan istifadəsinə limit qoymağa çalışır və bu metod öz bəhrəsini verir.
Ekran asılılığı uşaqların sağlamlığına necə təsir edir?
Pediatr Vaqif Qarayev bu barədə saytımıza açıqlamasında bildirib ki, uşaqların hər gün saatlarla televizor, telefon izləmələri və ekranda gördükləri aqressiv hərəkətləri təkrarlamaları sinir sistemlərinin pozulmasına səbəb olur:
“Bununla bağlı da dərmanlara, müalicələrə baş vurmaq yox, beyinlərinin dincəlməsi üçün telefondan, televizordan uzaqlaşdırmaq lazımdır. Telefon, televizor uşaqların yuxularının pozulmasına da səbəb olur. Telefona baxaraq yemək yeyən uşaq bir müddət sonra heç yeməməyə başlayacaq. Çünki yeməyin rejimi olmalıdır, uşaq ac olduğu zaman yemək yeməlidir. Ancaq telefon verməklə bu rejimə süni müdaxilə olunur. Bundan əlavə, telefon işığının parlaqlığı uşağın həm beyninə, həm də gözlərinə ziyan vurur".
Həkim valideynlərə məsləhət görür ki, uşaqlarla birgə rəsm çəkmək, şeir öyrənmək və s. kimi fəaliyyətlərlə məşğul olsunlar.
Vaqif Qarayev uşaqlara ümumiyyətlə telefon və televizor izləməyin qadağan edilməsinin göz tənbəlliyinə yol açması ilə bağlı iddialara da münasibət bildirib.
"Uşaq ekrandan uzaq dayandığı halda gözündə problem yaranırsa, bunun başqa səbəbləri var",-deyə Vaqif Qarayev əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 02.08.2024
Valideynlərə XƏBƏRDARLIQ: Azyaşlılarda telefon və televizor asılılığının QORXUNC ZƏRƏRLƏRİ
Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ: Azyaşlılarda telefon və televizor asılılığının QORXUNC ZƏRƏRLƏRİ
Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ: Azyaşlılarda telefon və televizor asılılığının QORXUNC ZƏRƏRLƏRİ
204599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.