Şəkidə sel sularının blokadaya saldığı kənddən REPORTAJ – FOTO/VIDEO

Şəkidə sel sularının blokadaya saldığı kənddən REPORTAJ – FOTO/VIDEO

Hazırda oxunan: Şəkidə sel sularının blokadaya saldığı kənddən REPORTAJ – FOTO/VIDEO

204219

Həftə ərzində şimal-qərb bölgəsinə yağan yağışlar Şəkinin Qudula kəndində ciddi fəsadlar yaradıb. Kəndin iki tərəfindən axan Əyriçay və Kiş çaylarının sel-sularla yanaşı lil qatı gətirməsi nəticəsində təsərrüfatları su basıb, həmçinin kəndin iki giriş hissəsində də hərəkət məhdudlaşıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qudula kəndinə iki istiqamətdən Şəki-Qoxmuq-Baltalı eləcə də Yevlax-Zaqatala-Gürcüstan magistralından daxil olmaq mümkündür. Birinci yol nə qədər qısa olsa da, Kiş çayından gələn sel-sular avtomobil yolunun 400 metrlik hissəsini lil qatı ilə örtdüyündən heç cür hərəkət mümkün deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alındı


İkinci avtomobil yolunda isə artıq üçüncü gündür ki, ancaq traktor və ağır texnikalar vasitəsi ilə hərəkət mümkündür. Ərazidən axan Əyriçayın daşması nəticəsində kəndə gedən yolun 200 metrə yaxın hissəsi su altında qalıb. 

Su altında qalan təsərrüfatlar

Kənd ağsaqqalı Camal Musayev bildirir ki, hər iki yolun bağlanmasının əsas səbəbi Əyriçay su anbarının suyunun qarşısının kəsilməsi və buraxılmamasıdır. Bu səbəbdən kənd yolu bağlanmaqla yanaşı həm də təsərrüfatlara ciddi ziyan dəyir. 


Sakinlərin sözlərinə görə, ötən ilin sentyabrından başlayaraq kəndin Əyriçaya yaxın əksər həyətlərini, təsərrüfatları sel suları basır. 

Onlardan biri Elminar Mustafayeva bizi qızının həyətinə dəvət edərək vəziyyəti yerində görməyimizi xahiş edir. Kənd sakini bildirir ki, həyətin əksər hissəsi su altında qalıb. Suyun evə çatmasına isə cəmi 8-10 metr qalır. Son günlər həyətin su basması ilə ilanların da çoxaldığını diqqətə çatdıran Elminar Mustafayeva uşaqların təhlükəsizliyi üçün heç bir ciddi tədbir görə bilmədiklərini ifadə edir. 

Digər kənd sakini İftixar Əzizovun sözlərinə görə lilli su onun evinin 15 metrliyinə kimi çatıb. Artıq evi və ailəsi təhlükədədir. O, həmçinin ötən ildən başlayaraq təsərrüfatında su basma nəticəsində əsas gəlir mənbəyi olan qoz və fındıq ağaclarının quruduğunu diqqətə çatdırır. 

Kənd sakinlərinə nə qədər ziyan dəyib?

Məsələ ilə əlaqədar kəndin bələdiyyə sədri Bəxtiyar Xəlilovla da danışdıq. Bələdiyyə sədri çıxılmaz vəziyyətlə bağlı bütün müvafiq qurumları məlumatlandırdıqlarını söyləyir. 


Onun sözlərinə görə, may ayından başlayaraq aramsız yağan yağışlar kəndin iki tərəfindən keçən Kiş və Əyriçayda suyun səviyyəsinin artması, nəticədə lil qatının yaranmasına səbəb olub. Bəxtiyar Xəlilov bildirir ki, ilkin hesablamalara görə kənddə 25 hektara yaxın fərdi təsərrüfatın eləcə də 30 hektar pay torpaqları son günlər yağan yağışdan sonra su altında qalıb. 

Suyun səviyyəsinin artmasını nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etdiklərini deyən bələdiyyə sədri xüsusi texnikalar gözlədiklərini, onlar gələndən sonra suyun səviyyəsinin enməsi üçün mütəxəssislərlə məsləhətləşib tədbir görüləcəyini diqqətə çatdırdı.

Əldə etdiyimiz son məlumata əsasən, bu gün səhər saatlarından başlayaraq suyun səviyyəsində enmə müşahidə edilir. Kənddən kənara getmək istəyənlər üçün müxtəlif texnikaların köməyi ilə şərait yaradılır. 













Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO