İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəbər yayıb ki, bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması (abort) ilə bağlı 42 039 cərrahi xidmət göstərilib.
Qeyd olunub ki, həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Eyni zamanda Azərbaycan abortların əhali sayına nisbətinə görə də dünyada ilk pillələrdə qərarlaşıb.
Bu problemin səbəbi nədir?
Məsələyə münasibət bildirən tanınmış həkim-ginekoloq Təranə Həsənova Bizim.Media-ya açıqlayıb ki, selektiv abortlara görə yox, hamiləliyin ilkin mərhələsindəki edilən abortların sayına görə dünyada öncül yerlərdən birini tutmağımız təəssüf doğurur:
“Bunun da bir sıra səbəbləri var. Ən başlıcası isə xanımlarımızın hamiləlikdən qorunmağa düzgün yanaşmamasıdır. Azərbaycanda hamiləlikdən qorunmağın ən populyar növü spiral sayılır. Bundan başqa hamiləlikdən qorunmaq üçün dərialtı implantdan və hətta həblərdən istifadə edilir.
Çox təəssüf ki, qadınlar arasında bu üsulların hər birinə fərqli yanaşma var. Son nəticədə isə heç bir qorunma üsulundan istifadə etməyən qadınlar tez-tez hamilə qalırlar. Halbuki, hamiləlik bir çox qadınlar üçün arzuolunan deyil. Çünki evdə ən azı 2 uşağı var. Ona görə də planlaşdırılmayan uşaqdan qurtulmaq üçün aborta üz tuturlar. Abortsa qadın orqanizmində həddindən çox fəsadlar törədir. Bu fəsadı qadın həmin anda, yaxud bir ay, hətta illər sonra da hiss edə, yaşaya bilər”.
Həkim-ginekoloq hesab edir ki, istər erkən hamiləliyin, istərsə də selektiv abortun qarşısının alınmasının ən yaxşı yolu maarifləndirməkdir:
“Tam səmimi olaraq deyirəm ki, bir həkim kimi 20 ildən artıqdır ki, heç bir hamilə qadına abort etmirəm. Bununla belə mənə müracət edən qadınların hamısına eyni sualı verirəm:
“Qoruyucu vasitələrdən niyə istifadə etmirsiniz?”.
Çox təəssüf ki, hərəsi müxtəlif bəhanə gətirir. Hətta bu məsələdə onlar həkimləri belə günahlandırırlar. Halbuki, həkim məsləhətini eşitməyənlər, qonşularını belə eşidirlər. Sonda isə arzuolunmayan hamiləliklə üz-üzə qalırlar. Çoxu da deyir ki, hamiləlikdən hansısa şəkildə qorunmaq xərçəng yaradır.
Ancaq belələri düşünmür ki, elətdirdikləri davamlı abortlar gələcəkdə onkoloji xəstəliklərə yol açır. Ona görə də bu məsələdə çıxış yolu maarifləndirməkdir”.
Selektiv abortlara gəlincə...
Müsahibimiz selektiv abortlarda məsuliyyətin hər iki valideynin üzərinə düşdüyünü deyib:
“Selektiv abort etdirənlər qız övladına “duz yükü” kimi baxır. Dəfələrlə şahid olmuşam ki, ilk hamiləliyi qız olan valideynlər özlərini yasa batmış kimi aparır və tezliklə bu “bəla”dan qurtulmaq istəyirlər. Mən bəzi insanların doğulmamış övladının qətlinə fərman verməsini heç cür başa düşmürəm. Bu nə insanlığa, nə də ki, dinimizə sığmır.
Mən çox ailələr görmüşəm ki, yalnız üçüncü uşağın qız olmasını istəyirlər. Amma ilk iki uşaq hökmən oğlan olmalıdır. Maraqlıdır ki, iki uşaqdan sonra qız uşağı istəyən valideynlər də az deyil. Mən deyərdim ki, selektiv abortun içərisində oğlana görə abort edənlər 5-7 faiz civarındadır. Valideyn var ki, üçüncü və yaxud ikinci uşağın qız olmasını istəyir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 25.07.2024
Abort BƏLASI – Azərbaycan bu dəhşətli statistikada niyə ÖN SIRALARDADIR?
Hazırda oxunan: Abort BƏLASI – Azərbaycan bu dəhşətli statistikada niyə ÖN SIRALARDADIR?
Hazırda oxunan: Abort BƏLASI – Azərbaycan bu dəhşətli statistikada niyə ÖN SIRALARDADIR?
203536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.