İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?

İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?

Hazırda oxunan: İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?

203390

İnsanın yaşlandıqca uşağa çevrilməsi, yəni xaraktercə uşaqlaşması fikrini tez-tez eşitmişik. Yəni yaşlı insanlar daha mülayim, kövrək, bəzən də uşaq kimi küsəyən olurlar. Bu da onların diqqətə ehtiyac duymaları, aktiv sosial həyatdan kənarda qalmasına bağlıdır. Lakin bəzən də ahıl insanlar təkcə küsməklə kifayətlənmir, əsəbi, aqressiv olur və bunu ətrafa hiss elətdirir.

Ölkəmizdə son zamanlar 60-70 yaş aralığındakı insanların cinayət xəbərləri, intihar hadisələrində adlarının hallanması da onların psixologiyasında dəyişikliklərin olmasından xəbər verir.

Bəs insanlar yaşlandıqca onların psixologiyası necə dəyişir? Onların cinayətə, zorakılığa meyl etməsinə səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu deyib ki, yaşlı insanlar həyatı boyu arzularını, istəklərini yaşaya bilmədiklərinə görə aqressivləşirlər:

“İki cür qoca insan görə bilərsiniz, biri aqressiv, hər kəsə məsləhət verən, hər kəsdə səhv tutan, digəri isə çox yumşaq, mülayim, nəvələri ilə oyun oynayıb zaman keçirən, kimsənin işinə qarışmayan. O insanlar ki, həyatlarını doya-doya yaşaya, arzularını gerçəkləşdirə biliblər, onlar daha çox yumşaq xarakterli, pozitiv olurlar.

Sevmədiyi işdə işləyənlər, sevmədiyi mühitdə yaşayan, sevmədiyi şeyləri etmək məcburiyyətində qalanlar yaşlandıqca daha da aqressivləşirlər və bu aqressiyanı ətrafa saçırlar. Öz yaşlılığını silaha çevirərək insanların həyatını cəhənnəmə çevirirlər.

Ona görə də yaşlı insanların hamısını təmkinli adlandırıb, bir qəlibə daxil edə bilmərik. İnsan yaşlananda da, orta yaş dövründə də eyni insandır”.

Psixoloq bildirib ki, yaşlandıqca qadın və kişilərdə yaş böhranı dönəmi olur:

“Yaşlılıqda böhran dönəmi var. Bu, xanımlarda klimaks dövründən sonrakı periodda başlayır, kişilərdə isə 60 yaş üzərindədir. Bu böhranda emosional olaraq dəyişikliklər yarana bilər. O baxımdan, yaş böhran dönəmi, üstəgəl yaşadığı həyat tərzinin yaşlılıq dönəmində ona yüklədiyi psixoloji vəziyyət yaşlı insanların fərqli davranışlarına gətirib çıxara bilər.

Yaşlı insanların davranışındakı neqativ halların artmasına digər səbəb həyatın hazırkı sürətinə ayaq uydura bilməmələridir. İnformasiya texnologiyalarının inkişafı insanların ünsiyyətini minimuma endirib. Yaşlı insanlar isə daha çox ünsiyyət, diqqət tələb etdiklərinə görə, problemlər artıb və getdikcə daha da artacaq. Təəssüf ki, bunun qarşısını almaq da mümkün olmayacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO