Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.
DİN-in məlumatına görə, İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Bəs görəsən, qeyd olunan məlumatlar təsdiqini tapdığı təqdirdə Ağadadaş Ağayevi hansı cəza gözləyir?
Bizim.Media məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
MÖVZU İLƏ BAĞLI:
Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır
Hüquqşünas Şamil Paşayev bildirib ki, deyilənlər təsdiqini tapsa, bu, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsinə təsadüf edir:
“Belə olan halda təqsirli bilinən şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ancaq əgər motiv varsa, istintaqın gedişatında xəsarətin dərəcəsinə görə cəza verilə bilər”.
Vəkil Pərviz Hacıyev də eyni maddəyə təsadüf edəcəyini qeyd edib:
“Xuliqanlıq niyyəti sübuta yetirildiyi təqdirdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif ediləcək. Mübahisəli olduğu şəxsə atdığı balta başqa bir şəxsə dəyibsə, burada ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma - maddə 131 ilə tövsif ediləcək. Hadisə ictimai yerdə baş verdiyi təqdirdə hər bir halda A.Ağayevə 221.3-cü maddə veriləcək.
Ehtiyatsızlıqdan xanıma zərər yetiribsə, 131-ci maddə əlavə olunacaq. Hər iki cəza verildiyi təqdirdə maddələr toplanacaq. Məhkəmə hər iki cəzanı toplayıb üç və ya dörd ilədək azadlıqdan məhrumetməni tətbiq edə bilər. Ancaq biz dediyimiz ilkin versiyadır. İstintaq zamanı faktlar araşdırılacaq. Tibbi ekspertizanın rəyi də önəmlidir. Ağır xəsarət olmasa, 131-ci maddəni verməyə bilərlər. Sadəcə ilkin məlumata uyğun maddələri qeyd edirik”.
Məhərrəm Əliyev, Bizim.Media