Son günlər vətəndaşlar bəzi həkimlərin dərman firmaları ilə işlədikləri ilə bağlı şikayət edirlər. Hətta xəstələrə filan yerdən al, qəbzin şəklini mənə at və.s deyənlər də var. Həmin firmaların dərmanları isə həddindən artıq baha olur. Halbuki eyni dərmanların keyfiyyətlisini və daha ucuzunu təyin edə bilərlər. Həkimlərsə firma dərmanları baha olsa da, bunu keyfiyyətlə əlaqələndirirlər.
Bəs gerçək vəziyyət necədir?
MÖVZU İLƏ BAĞLI:
Aptekdən dərmanı elektron reseptlə ALACAĞIQ – Səhiyyəmiz buna HAZIRDIRMI?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən Bizim.Media-ya bildirilib ki, vətəndaşlar kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilərlər:
“Elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir. Həkimlər elektron resept yazmaqdan imtina etdiyi və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edilir” , - deyə açıqlamada qeyd olunub.
Elektron resept nədir?
E-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir. Rəqəmsal Reseptə yalnız dövlət qeydiyyatından keçən və Tarif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji fəal maddələrin təyini Rəqəmsal Reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlər tərəfindən daha öncə yazılan reseptləri görmək imkanı yaradır. Nəticədə bu, daha düzgün müalicənin aparılmasına səbəb olur.
Çiçək Sadatova, Bizim.Media