Yaxın zamanlarda dövlət bəzi özəl uşaq bağçalarını himayəyə götürəcək. Buna səbəbsə dövlət tərəfindən maliyyələşən uşaq bağçalarının az olması və tələbatın tam qarşılanmamasıdır. Bu məqsədlə Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilib.
Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
MÖVZU İLƏ BAĞLI:
6 ayda 21 bağça müdiri işdən ÇIXARILIB
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Bəs, dövlətin özəl uşaq bağçalarını himayəyə götürməsi nə qədər effektiv olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Ramal Şəmşədli bildirir ki, dövlətin özəl məktəbəqədər təhsil müəssisələrini dəstəkləməsi və himayəyə götürməsi bir neçə aspektdən effektli ola bilər:
“Bu ilk növbədə təhsilin əhatəliliyinin genişlənməsi baxımından mühümdür. Dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların özəl müəssisələrdə boş qalan yerlərə cəlb edilməsilə daha çox ilkin təhsildən faydalanacaq.
Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldacaq və daha çox uşağın keyfiyyətli təhsil almasına şərait yaradacaq. Beləcə keyfiyyətli təhsilə giriş təmin olunacaq. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərə çatmaq üçün özəl bağçaların dəstəklənməsi mühüm addım olacaq. Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artması strateji məqsədlərə nail olunmağı təmin edəcək”.
Həmsöhbətimiz qeyd edib ki, qrant müsabiqələri vasitəsilə özəl məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması və onların müasir təhsil standartlarına uyğunlaşdırılması da mümkündür.
O, deyib ki, bu addım həmçinin dövlət və özəl müəssisələr arasında təhsil imkanlarının bərabər bölüşdürülməsi, təhsil bərabərliyinin təmin edilməsinə kömək edəcək.
Ramal Şəmşədlinin fikrincə, bu tədbirlərin effektiv olması üçün bəzi şərtlər də vacibdir:
“İlk növbədə qrantların ədalətli və şəffaf şəkildə paylanması təmin olunmalıdır. Başqa bir tərəfdən qrant alan müəssisələrin fəaliyyətinin mütəmadi monitorinqi və keyfiyyət standartlarına riayət edilməsinin təmin olunması da vacibdir. Burada həmçinin, valideyn və müəllimlərin dəstəyi, onların rəy və təkliflərinin nəzərə alınması da mühüm amildir.
Bunların hamısı birgə işləndikdə, dövlətin özəl bağçaları himayəyə götürməsi müsbət nəticələr verə və bu sahədə mühüm inkişafa səbəb ola bilər”.
Rüfət Sultan, Bizim.Media