“Universitetlər praktikada tələbələrə maaş verməlidir” - TƏKLİF

“Universitetlər praktikada tələbələrə maaş verməlidir” - TƏKLİF

Hazırda oxunan: “Universitetlər praktikada tələbələrə maaş verməlidir” - TƏKLİF

201726

Təhsilin bütün pillələri fərdin inkişafında və savadlı kadrların yetişməsində özünəməxsus rol oynayır. Ali təhsil müəssisələrimiz tələbəyə seçdiyi ixtisas üzrə nəzəri bilikləri öyrətsə də, təəssüf ki, təcrübə-tədqiqat məsələsi barədə vəziyyət heç də ürəkaçan deyil. Çünki universitetlər təcrübə üçün sadəcə 3-4 ay vaxt ayırır. 

Doğurdan da, tələbələr 4 ay müddətində təcrübə keçərək ixtisasına dərindən yiyələnə bilərlərmi? Bu müddət peşəni mənimsəmək üçün kifayət edirmi?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, 3-4 aylıq təcrübə müddəti peşənin mənimsənilməsi üçün yetərli deyil:

“Ölkəmizdə xüsusi və mülki təyinatlı olmaqla 50-dən çox ali təhsil müəssisəsi var. Xüsusi təyinatlılara müvafiq ixtisas istiqamətində təcrübə nəzəriyyə ilə paralel şəkildə öyrədilir. Amma təəssüflər olsun ki, mülki təyinatlı ali təhsil müəssisələrində yalnız sonuncu kursun ikinci semestrini təcrübəyə ayırırlar. Bu isə doğru deyil. Çünki əslində tələbənin öyrəndiyi nəzəri bilikləri praktik təcrübəyə çevirməsi vacibdir. Artıq dünyanın əksər ölkələrində konkret nəzəriyyə istiqamətində tələbənin təcrübə əldə etməsinə yönəlmiş proqramlar tətbiq olunur”. 

Ekspert qeyd edib ki, hətta yalnız universitetlərdə deyil, xarici ölkələrin bir çoxunda ümumitəhsil müəssisələrində də bu prinsip tətbiq olunmağa başlayıb: 

“Məsələn, Cənubi Koreyada kolleclərdə 6 ay və ya 1 il ərzində tələbəyə lazım olan nəzəriyyəni öyrədirlər, qalanı isə təcrübəyə yönəlir. Beləliklə, orda kollec bitirənin bilik və bacarıqları bizim 4 il universitet təhsili almış tələbədən qat-qat yüksək olur. 

Əlbəttə ki, ali təhsil müəssisələrimizdəki 3-4 aylıq təcrübə müddəti kifayət deyil. Beləliklə də tələbə ixtisası ilə bağlı bilik və bacarıqları bu müddətdə özündə formalaşdıra bilməz. Ən azından 2-ci kursun sonundan etibarən təcrübəyə başlamaq lazımdır. Belə olan halda, həmin tələbələrin əmək fəaliyyətinə başlaması da qeydə alınmalı, hətta gördükləri işin müqabilində onlara maliyyə ayrılmalıdır.

Çünki işəgötürənlərin müsahibə əsnasında ən birinci verdikləri sual bu olur: “təcrübən varmı?”. Yəni bu məsələ təhsil sistemimizdə gecikən məsələlərdəndir. Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu istiqamətdə işlər görülər”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO