Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir? - ARAŞDIRMA

Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir? - ARAŞDIRMA

Hazırda oxunan: Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir? - ARAŞDIRMA

201681

İyul ayında ali təhsil müəssisələrinə qəbul imtahanı yekunlaşır. Müsabiqə şərtlərini ödəyənlər ixtisas və universitetləri seçərək tələbə adını qazana biləcəklər.

Hər bir abituriyentin arzusunda olduğu tələbə həyatının qayğıları da var. Tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Xüsusilə, bölgələrdən paytaxta oxumağa gələnlər kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Hər il dərslər başlananda Bakıda kirayə mənzillərin qiyməti də artır. Ona görə də tələbələr üçün münasibi tələbə yataqxanalarıdır.

Bəs Bakıda yerləşən universitetlərin hamısında yataqxana varmı? Yataqxanalar təhsilalanlara hansı şərtlərlə verilir? 
 

MÖVZU İLƏ BAĞLI:

Tələbə yataqxanasında qalan deputatdan ÇAĞIRIŞ: “Orada tələbə həyatını görərək...” 


Bizim.Media universitetlərin tələbə yataqxanaları ilə bağlı araşdırma aparıb.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Bizim.Media-ya deyib ki, hazırda universitetdə 4 yataqxana fəaliyyət göstərir:

“3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb. Yataqxanaların ümumi tutumu 1000 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar”.

O bildirib ki, yataqxanalarda aylıq qiymətlər 60-110 manat arasında dəyişir:

“2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 azn təşkil edir. Lakin şəhid ailələrində olan və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir.

Universitet yataqxanaları həmişə rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova saytımıza hazırda tələbələrin yataqxanalardan istifadə edə bilmədiklərini qeyd edib:

“Universitetin yataqxanasında məcburi köçkünlər məskunlaşıb. Hələ ki köçürülmə yoxdur, köçürülmə olduqdan sonra bu məsələyə baxılacaq. Yəqin ki, yenilənib istifadəyə veriləcək. Hazırda həmin yataqxanalarda məcburi köçkünlər yaşayır. Ümumilikdə universitetin 5 yataqxanası var. Köçürmə proqram çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Bu il bizim yataqxanadakı məcburi köçkünlərin bizim proqrama salınması ilə bağlı məlumatımız yoxdur. Sentyabr üçün istifadəyə verilə bilməyəcəyi dəqiqdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, yeni yataqxana tikintisi üçün müvafiq qurumlarla danışıqlar aparılır:

“Universitetin yataqxanası 320 nəfərlikdir, əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulsa da yerli tələbələr də yataqxanada qala bilirlər. Yataqxana 2 və ya 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır, iki nəfər qaldıqda hər bir tələbə 50, 3 nəfər qaldıqda isə hər bir tələbə 34 manat vəsait ödəyirlər.

Universitetin Tələbə Həmkarlar İttifaqınının xətti ilə maddi imkanı aşağı olan, sosial həssas ailə qrupundan olan tələbələr müraciət etdikdə onların yataqxana xərci Tələbə Həmkarlar İttifaqı tərəfindən ödənilir. Hazırda universitet bir neçə qurumla yeni yataqxananın inşa olunması ilə bağlı danışıqlar aparır. Bu məsələdə irəliləyiş olduqda ictimaiyyətə geniş məlumat veriləcək”.
Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq də ali təhsil müəssisəsinin yataqxanalarında məcburi köçkünlərin məskunlaşdığını qeyd edib:

“Universitetin yataqxanasında I Qarabağ müharibəsi zamanı öz torpaqlarından məcburi köçkün düşənlər yerləşdirilib. Elə o vaxtdan da onlar yaşayır. İndi məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışı başlayıb, mərhələ-mərhələ köçürülürlər, yəqin ki proses bitəndən sonra məsələ qaldırılacaq. Hələ ki yeni bir məlumat yoxdur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO