İyulun 8-də Bakı restoranlarının birinin mətbəxində yayılan video sosial şəbəkələrdə müzakirələrə və insanlar arasında narahatlığa səbəb olub. Belə ki, videoda restoranın mətbəxində siçovul gəzdiyi əks olunub. Həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb. Onlar gülərək siçovulun haradan mətbəxə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qidalarda gəmiricilər problemi hər zaman aktual olaraq qalır. Sosial şəbəkələrdə tez-tez belə görüntülərə rast gəlirik. Qida müəssisələrində gəmiricilər qidaların üzərindədir, yaxud onların içərisindən çıxır.
Bəs bu kimi halların qarşısını almaq üçün müəssisə sahibləri nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı qida eksperti Ağa Səlimov Bizim Media-ya danışıb.
“İctimai iaşə müəissisəsi işlədən sahibkarlar ilk növbədə HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemini bərpa etməli və işə götürdükləri aşpazların da HACCP təlimlərindən keçdikləri barədə şəhadətnamə tələb etməlidirlər. Bu sistemdə mütəmadi olaraq obyektin dərmanlanması, dərindən təmizlənməsi və dezinfeksiya edilməsi nəzərdə tutulur. Görünən odur ki, siçan aşkarlanan obyektdə dərindən təmizlənmə işləri aparılmayıb. Bu kimi obyektlər vaxtı-vaxtında xlorlanmalı, gəmiricilərə və böcəklərə qarşı dərmanlama prosesləri həyata keçirilməlidir. Çox vaxt sahibkarlar bunu ağır bir yük kimi görüb həyata keçirmirlər. Amma əslində bu, həm onların özlərinin, həm də müştərilərin təhlükəsizliyi üçün çox vacibdir. Müəssisələrin mətbəxlərində qida qalıqları olmamalıdır. Toz və bakteriya yükünü azaltmaq üçün mütəmadi olaraq təmizlik prosesləri həyata keçirilməlidir”.
Gəmiricilər bakteriyaları toxunduqları qidaya ötürürlər...
Qida mütəxəssisinin sözlərinə görə bütün iaşə müəssisələrinin rəhbərləri işçi heyətlərinə təlimlər keçirməyə maraqlı olmalıdırlar:
“İşçilərdən məsuliyyət tələb edilməlidir. Mütəmmadi olaraq rəhbərlik tərəfindən obyektə baxış keçirilməlidir. Gözləmək lazım deyil ki AQTA gəlsin və nəyisə yoxlasın, özləri baxış keçirməlidirlər. İşlərini planlamalı, kontrol etməli və qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər. Bütün bu qaydalara birmənalı olaraq əməl edilməlidir, çünki burda insan sağlamlığı, həyatı söz mövzusudur. Bu sistemdə səhv etmək kütləvi zəhərlənmə, hətta ölümlə nəticələnə bilər. Gəmiricilər bədənlərində gəzdirdikləri virus və bakteriyaların daşıyıcısıdırlar və o bakteriyaları toxunduqları qidaya ötürürlər. Bu da qida zəhərlənməsini ortaya çıxarır” , - deyə o bildirib.
Kafe və restoranlarda qidaların saxlanılma şəraitinə diqqət olunur?
Ağa Salamov həmçinin restoran və kafelərdə qidaların saxlanma şəraiti barədə danışıb:
“Kafe və restoranlarda qidaların saxlanılma şəraitinə də də xüsusi diqqət olunmalıdır. Toyuq, balıq, kərə yağı, ağartı məhsulları kimi qidaların restoranlara soyuducu sistemi ilə təchiz edilmiş maşınlarda çatdırılması vacib məsələdir. Qəbul olunan məhsullar məkanlarda düzgün şərtlər altında depolanmalı, saxlanılmalıdır. Soyuducuların dərəcələri saxlanılan qidalara görə tənzimlənməlidir. Yeməklərin bişirilməsi, soyudulması, isidilməsi, təqdimatı və.s kimi proseslər xüsusi diqqətlə həyata keçirilməlidir”
Qeyd edək ki, sözügedən restoranın fəaliyyəti dayandırılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, haqqında danışılan müəssisədə AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
"Obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - deyə məlumatda qeyd olunur.
Çiçək Sadatova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 10.07.2024
Qida müəssisələrində qaçan SİÇOVULLAR - Sahibkarlar nələrə diqqət ETMƏLİDİR?
Hazırda oxunan: Qida müəssisələrində qaçan SİÇOVULLAR - Sahibkarlar nələrə diqqət ETMƏLİDİR?
Hazırda oxunan: Qida müəssisələrində qaçan SİÇOVULLAR - Sahibkarlar nələrə diqqət ETMƏLİDİR?
201388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.