İki uşaq anası əməliyyat üçün getdiyi klinikada həyatını itirdi

İki uşaq anası əməliyyat üçün getdiyi klinikada həyatını itirdi

Hazırda oxunan: İki uşaq anası əməliyyat üçün getdiyi klinikada həyatını itirdi

201245

Bakıda qadın liposaksiya əməliyyatı üçün getdiyi klinikada vəfat edib. Məlumata görə, 29 yaşlı Aybəniz Almuradova iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilir. 

Bizim.Media xəbər verir ki, yayılan iddialarla bağlı gecce.az-a danışan M.Eyvazova xəstənin ölümündə əli olmadığını bildirib: “Xəstəyə əlim belə dəyməyib. Əməliyyatdan öncə müvafiq müayinələrdən keçib. Hər şey qaydasında olub. Xəstənin halı narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb. Xəstəyə liposaksiya məqsədilə mən tərəfindən qəti şəkildə toxunulmayıb. Bildiyiniz kimi xəstə əməliyyata hazırlanır, daha sonra həkim əməliyyat otağına daxil olub, proseduru icra edir. Mən qəbul otağımda olarkən, onun halı pisləşib. Barəmdə yazılan dezinformasiyaları qəbul etmirəm. Artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqlı olduğumun sübutu var”. 

Mərhumun bacısı Gülər Əliyeva isə oxu.az-a verdiyi açıqlamada məsuliyyəti M.Eyvazovanın daşıdığını bildirib:

“Bacım sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək klinikaya dəvət edib. İyunun 11-də bacım əməliyyat olunmaq üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb. Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. 

Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq Babək Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur”. 

Mərhum Aybəniz Almuradovanın bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:

“Əli Hüseynov da “Reo-Med” klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. 

Bacıma əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var. Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO