"Anam Simzar bu il iyul ayının 3-də 91 yaşında dünyasını dəyişdi, ayın 5-i 3 mərasimini verdik. Yaxşı ki, anama ölüm ayağında qardaşım İdrisin qalıqlarının tapıldığını, ondan rəsmi xəbər olduğunu dedim. Danışa bilməsə də başa düşdü, dediklərimə reaksiya verdi. Yaxşı ki, anam dünyadan rahat getdi, İdrisdən rahat getdi".
Bu sözləri Şabran şəhər sakini, bu günlərdə DNT analizi ilə barəsində rəsmi xəbər çıxan Birinci Qarabağ müharibəsinin itkin şəhidi İdris Baxışovun böyük qardaşı Oruc Baxışov Bizim.Media-ya deyib.
Onun sözlərinə görə, qardaşı İdris 1992-ci ildə Quba batalyonunun tərkibində könüllü cəbhəyə gedib. Zabit idi, komandir kimi 1993-cü il aprel ayının 1-də Kəlbəcərdə itkin düşmüşdü.
Elə qalıqları da Kəlbəcərdə tapılıb. Qardaşı Oruc deyir ki, iyun ayının 25-də Bakıda Şəhriyar adına klubda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında iştirak edib.
Kəlbəcərdə qalıqları tapılmış 20 nəfərdən birinin də qardaşı İdris olması barədə həmin iclasda məlumat alıb.
Oruc Baxışovun qardaşı İdrisin və digər şəhidlərin qalıqlarının tapılmasında əməyi olan dövlət qurumlarının əməkdaşlarına minnətdarlığını bildirib.
Qeyd edib ki, qardaşı Telman, atası Osman da dünyalarını dəyişib. İndi o, ailəli olan iki bacısı ilə İdrisin dəfninə hazırlaşır.
Onun sözlərinə görə, şəhid İdris Baxışov 51 il əvvəl doğulduğu Quba rayonunun Qənidərə kəndində 32 ildən sonra dəfn olunacaq.
Dəfn mərasimi iyulun 12-də gündüz saat 12.00-da kənd məzarlığında olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 09.07.2024
Birinci Qarabağ itkininin qardaşı: "Yaxşı ki, anam İdrisdən rahat getdi" - FOTO
Hazırda oxunan: Birinci Qarabağ itkininin qardaşı: "Yaxşı ki, anam İdrisdən rahat getdi" - FOTO
Hazırda oxunan: Birinci Qarabağ itkininin qardaşı: "Yaxşı ki, anam İdrisdən rahat getdi" - FOTO
201243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.