Gəncənin mərkəzi küçəsi illərdir PALÇIQ içindədir – İcra hakimiyyəti yenə VƏD verdi - FOTO/VİDEO

Gəncənin mərkəzi küçəsi illərdir PALÇIQ içindədir – İcra hakimiyyəti yenə VƏD verdi - FOTO/VİDEO

Hazırda oxunan: Gəncənin mərkəzi küçəsi illərdir PALÇIQ içindədir – İcra hakimiyyəti yenə VƏD verdi - FOTO/VİDEO

201179

“Mən yaşlı insanam. Evdən çıxıb mağazaya, bazara gedə bilmirəm. Hava qaraldı ümumiyyətlə gözüm seçmir deyə qapıdan çölə çıxmıram. Yollarımız bərbad gündədir. Yağış yağandan sonra ərazimiz bataqlıq olur. Bizə bir köməklik etsinlər. Bizim də ərazini asfaltlasınlar”. 

Bu fikirləri Bizim.Media-nın yerli bürosuna Gəncənin mərkəzində, Zərifə Əliyevanın adını daşıyan küçənin sakinləri söyləyib. Şikayətləri isə uzun illərdi bu ərazidə qarşılaşdıqları  problemdəndir. Onun sözlərinə görə bu yaşayış sahəsində xeyli müddətdir abadıq işləri aparılmır. Digər sakinlər də bildirirlər ki, sonuncu dəfə Sovetlər birliyi dövründə bu əraziyə asfalt örtüyü salınıb. Daha doğrusu neçə ildir aidiyyəti qurumlar bu yaşayış sahəsində yola, binaların qarşısına nəzarət etmirlər. 

“XXI əsrdə məcburi rezin ayaqqabı və ya qaloş geyinirik”

Faiq Musayev 1988-ci ildən burada yaşayır. Onun sözlərinə görə bu müddətdə bir dəfə də olsun binaları yerləşən ərazidə abadlıq işləri aparılmayıb, yollar düzəldilməyib. Leyla Qafarova isə yolların bərbad olmasının həm uşaqlara, həm də yaşlı nəslə böyük problemlər yaratdığını deyir:


“Biz uzun illərdi yağışlar yağanda demək olar ki, evimizdən çölə çıxa bilmirik. Şəhərin mərkəzində yaşayırıq. XXI əsrdə məcburi rezin ayaqqabı, qaloş geyinirik. Uşaqları məktəbə göndəririk palçığın içindən keçib gəlirlər. Dəfələrlə müraciət etmişik. Baxan yoxdur”, - deyə Qafarova əlavə edib. 

“Kiminin ayağı, kiminin də qolu sınır...”

Tamella Qasımova da bu küçədə uzun illərdir yaşayır. Sözlərinə görə əraziyə nəzarət edən, diqqət göstərən yoxdur. Yollar o qədər bərbaddır ki, maşınlar binaların qarşısına getməkdən imtina edirlər:

“Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik. Ərizələr yazmışıq, məktublar göndərmişik. Hər dəfə bir əncam çəkəcəklərini desələr də illərdi baxan yoxdur. Elə bil kənddə yaşayırıq. Heç kənd yolları da belə deyil. Orda da yollar asfaltdır. Bir bizim əraziyə baxan yoxdur. Çox xahiş edirik, bizə bu məsələdə kömək olasınız”, - deyə şikayətçi əlavə edib. 
Sakinlər deyir ki, məsələ ilə bağlı döymədikləri qapı qalmayıb. Hər dəfə də eyni sözlərlə vətəndaşları sanki yola verirlər. Günlər ötdükcə də burada yaranan yalaqlarda sakinlər yıxılır, kiminin qolu sınır, kiminin də ayağı... Yolların bərbad vəziyyətindən, palçıqlı havada xəsarət alanlardan biri də  Aybəniz Əsgərovadır. O 8 aydır binanın qarşısında yıxıldığənı və qolunun sındığını deyir:


“Binanın qabağında yağışdan sonra palçıqda yıxıldım. Qolum sınıb. Aylardı əziyyət çəkirəm. Məndən başqa digər qonşular da yıxılıb xəsarət alıblar. Gəlib bu yolları düzəlsinlər”, - deyə sakin əlavə edib.

“Uşaqlar futbolu palçığın içində oynayırlar”

Bu ərazinin problemləri bununla bitmir. Sakinlər şəhərin mərkəzində 6-7 binanın yerləşdiyi ərazidə uşaqlar üçün oynamağa bir meydançanın olmadığından da şıkayətlənirlər. Hətta bu binalarda yaşayan azyaşlılar da palçıqdan, şəraitsizlikdən narazılıq edirlər. Adəm Nəsirov futbolu palçığın içində oynadıqlarını deyir:

“Bizim oynamağa yerimiz yoxdur. Binanın qabağı palçıqdı. Hamı yıxılır. Atam da yığılmışdı. Futbolu suyun içində oynayırıq”, - deyə balaca Adəm şikayətlənir.


İcra hakimiyyəti yenə vəd verdi...  

Məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyətinə müraciət etdik. Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, Gəncədə həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində şəhərdə olan çoxmənzilli yaşayış binalarının həyətləri mərhələli şəkildə abadlaşdırılır. Zərifə Əliyeva adına küçədə yerləşən binaların ərazisi də qeydiyyata götürülüb və mərhələ növbəsi çatanda bu ərazi də abadlaşdırılacaq.

Sakinlər isə dəfələrlə bu vədləri eşitdiklərini bildirdilər və problemlərinin həll olunmasına köməklik etməyimizi hamılıqla xahiş etdilər. Lakin biz media qurumu olaraq yalnız sakinlərin fikirlərini aidiyyatı təşkilatlara çatdırmaq imkanındayıq. Onlar necə addım atacaqlar, onu gələcək göstərəcək.
 















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO