Xəbər verildiyi kimi Xəzərin sahilində balıqların kütləvi ölümü baş verib.
Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərdə qeydə alınan videogörüntülər sosial şəbəkələrdə yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Xəzərin Bakı sahillərinə çıxardığı ölü balıq kütləsi - VİDEO
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya açıqlamasında balıqların ölüm səbəbinin araşdırıldığını deyib:
“Balıqların hansı səbəbdən ölməsini müəyyən etmək üçün sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Bunun üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri sözügedən əraziyə baxış keçiriblər”.
O, analizlərin nəticəsi məlum olduqdan sonra ətraflı məlumat veriləcəyini qeyd edib.
İcazəsiz balıq ovlayanların addımı...
Ekoloq Telman Zeynalov isə saytımıza danışaraq balıqların kütləvi şəkildə tələf olmasının bir neçə səbəbdən qaynaqlandığını qeyd edib:
“Bu, balıqçıların hərəkətindən ola bilər. Çox vaxt ölümlər onların atdığı qumbaranın partlamasından əmələ gəlir. Bunu dövlətin icazəsi ilə balıqçılıqla məşğul olanlar etmirlər. Buna dövlət özü nəzarət etməlidir”.
O, çirkab sularının da rolunun mümkünlüyünü bildirib:
“Dənizə hardansa çirkab suları, zəhərli sular daxil ola bilər. Nə qədər çirkli su olsa da su özü-özünü təmizləmə qabiliyyətinə malikdir. Təbiət də buna kömək edir. Amma barıtı heç nə təmizləyə bilmir”.
Günay Şahmar, Bizim.Media