Allahşükür Paşazadə din xadimlərini bir araya topladı - FOTO

Allahşükür Paşazadə din xadimlərini bir araya topladı - FOTO

Hazırda oxunan: Allahşükür Paşazadə din xadimlərini bir araya topladı - FOTO

200883

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iyulun 7-də Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Quran tilavəti ilə başlanan tədbiri açan Şeyxülislam A. Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu söyləyib.

Qarabağ Zəfərinin müəllifinin Müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini-mənəvi birlik olduğuna diqqəti çəkib. QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb.

Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən Şeyxülislam A. Paşazadə Ümummilli Liderin 1994-cü il 20 iyunda Aşura mərasimi zamanı Təzəpir məscidinə gələrək dindarlar qarşısında söylədiyi tarixi nitqində Azərbaycan müsəlmanları üçün İmam Hüseyn əleyhissəlamın kəsb etdiyi önəmi yüksək səviyyədə ifadə etdiyini xatırladıb. Şeyxülislam A.Paşazadə Ulu Öndər Heydər Əliyevin başlatdığı ali mənəviyyat yolunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etməsini qürurla vurğulayıb.

Tədbirdə Ulu Öndərin milli-mənəvi dəyərlərə ehtiramını əks etdirən film nümayiş etdirilib.

Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.

İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib. Qazılar Şurasına 2 nəfər yeni qazı və QMİ-nin 5 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib.

Daha sonra Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımız və dövlətimizin maraq və mənafelərinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib. Bildirib ki, dünyada ölkəmizə olan etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin uğur və qələbələridir.
Şeyxülislam A. Paşazadə bu ilin mayında Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı və Şuşa görüşlərinin əhəmiyyətindən, Azərbaycan Prezidenti tərəfindən dini liderlərin qəbul edilməsindən, din xadimlərinin azad olunmuş ərazilərə səfərindən, Qarabağda aparılan quruculuq işləri və bərpa olunan dini-mənəvi abidələri ziyarətdən, qəbul edilmiş Şuşa Bəyannaməsinin tarixi dəyərindən bəhs edib. Şeyxülislam A.Paşazadə bu ilin noyabrında Azərbaycanın qlobal əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdıraraq, bu ümumdünya əhəmiyyətli iqlim konfransı çərçivəsində dünyanın tanınmış din xadimlərinin Azərbaycana təşrif buyuracaqları və Qafqaz Müsəlmanları İdarəsinin bu tədbirin yüksək səviyyədə baş tutması işində üzərinə düşən vəzifə və məsuliyyət barədə danışıb.

İclasda vurğulanıb ki, Azərbaycan əhəmiyyətli ictimai-siyasi hadisə ərəfəsindədir. Ölkəmizdə sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənaar seçkilər keçiriləcəkdir. QMİ bütün din xadimlərini bu seçkilərdə fəal iştirak etməyə çağırış etdi.

İclasda iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov çıxış edərək din xadimlərinə öz tövsiyələrini bildiriblər. Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə rəsmiləri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə ediblər. Bildirilib ki, QMİ Qazılar Şurasının müraciətində əksini tapan tövsiyələrə dəqiq əməl olunmalıdır. Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bütün məsələlərdə əməkdaşlığın davam etməsi xüsusi vurğulanıb.

İclasda Müfti Salman Musayev və Qazılar çıxış ediblər, imamların sualları dinlənilib, din xadimlərini maraqlandıran məsələlərə şərh verilib.

İclasda Vətən şəhidlərinin ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO