Kolbasa və dərmandan sonra indi də hotelin “halal”ı OLACAQ?

Kolbasa və dərmandan sonra indi də hotelin “halal”ı OLACAQ?

Hazırda oxunan: Kolbasa və dərmandan sonra indi də hotelin “halal”ı OLACAQ?

200552

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcək.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

“Hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər", - deyə məlumatda qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda "halal hotel" sertifikatı VERİLƏCƏK 


Üstəlik, Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlayır. 

“Qalanları haram oteldir?!”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan İslamın biznesə qarışdırılmasını doğru hesab etmir:

"Halal"ın qarşılığı "haram"dır. "Halal hotel" deyərkən, belə çıxır ki, yerdə qalanı "haram hotel”dir?! Yaxşı halalı başa düşdük. Bəs onda haram hotel niyə olmalıdır? Haram hotel o deməkdir ki, orada insan alveri, oğurluq, işrət, narkotik istifadəsi, zinakarlıq, pozğunluq icazəlidir, məhz bu baxımdan da oralar halal sayılmayıb? 

Bəzi müsəlman ölkələrində dini və mənəvi dəyərlərin ehtiva etdiyi mahiyyəti urvatdan salmaq üçün, halal-haram ənənəsini adiləşdirib silmək üçün xarici səlibçi təsirlərə düşüb belə işlər görülür”.

Əvvəlcə, "halal kolbasa", indi də "halal hotel"

Tural İrfan onu da qeyd edib ki, bu hotellərdə İslam qaydalarına riayət olunacaq, günah işlər qadağan olunacaqsa, bu zaman onun adı "halal hotel" yox, "mübah hotel" olmalıdır: 

“Mübah, bir işin görülməsində ixtiyar sahibi olunan əmələ deyilir. Yəni, həmin hotelə müsəlmanın gedib-getməməsi öz ixtiyarındadır. Başqa hotellərə də gedib günaha batmadan istifadə etməsi caizdir. Ancaq "halal hotel” hökmü verilirsə, yerdə qalan hotellər haram hesab olunur ki, oradan istifadə etmək də İslama görə qadağan və günah sayılır. 

Bu termini öz biznesləri üçün asanca sui-istifadə edənlər bunun mahiyyətinə varmayıblar. Əvvəlcə, "halal kolbasa", indi də "halal hotel". Növbədə nədir?! Halal, qanuni, icazəli deməkdir. Haram isə qanunsuz, cinayət sayılan əmələ deyilir. Onda belə çıxır ki, bir qism hotellər qanuni, bir qismi də qanunsuz olacaq?! 
Termini düz seçməyiblər. Hotellərin elə hamısı qanuna uyğun olmalı, mübah, yəni icazəli olmalıdır. Dini biznes alətinə çevirib ucuzlaşdırmaq lazım deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO