Kommersiya marağını peşə etikasından YÜKSƏK TUTANLAR - Həkimlər xəstələrə niyə firma dərmanları YAZIRLAR? 

Kommersiya marağını peşə etikasından YÜKSƏK TUTANLAR - Həkimlər xəstələrə niyə firma dərmanları YAZIRLAR? 

Hazırda oxunan: Kommersiya marağını peşə etikasından YÜKSƏK TUTANLAR - Həkimlər xəstələrə niyə firma dərmanları YAZIRLAR? 

200427

Azərbaycanda xəstələrin narazılıqlardan biri də həkimlərin onların müalicəsi üçün yazdıqları dərmanlarla bağlıdır. Bəzi xəstələr iddia edirlər ki, həkimlər xəstələrə yalnız əməkdaşlıq etdikləri firmanın dərmanlarını yazırlar. Bunu da həmin həkimlərin firma ilə işbirliyinin olması, satılan dərmanlardan müəyyən faiz əldə etməsi ilə əsaslandırırlar. 

Sosial şəbəkələrdə bu cür narazılıqlara tez-tez rast gəlinir. Pasiyentlər eyni tərkibli dərmanların daha ucuz variantının olduğunu da qeyd edirlər.

Məsələ barədə Bizim.Media-ya elə tibb sahəsi üzrə mütəxəssis, radioloq Aydın Əliyev danışıb.

Həkim bildirib ki, bu barədə pasiyentin əlində bir sübut, əsas olmalıdır:

“Ola bilər ki, həkim həmin firmanın istehsal etdiyi preparata güvənir, onu sınaqdan keçirdiyi üçün tövsiyə edir. İndi reseptlər haqqında qanuna görə, əslində dərmanın ticari adı yox, molekul adı yazılmalıdır. Bir dərman preparatının müxtəlif adı ola bilər. Amma molekul adı standart olur. Molekulun adını həkim yazır, xəstə də gedir həmin tərkibdə cürbəcür ticari adları olanını, büdcəsinə uyğununu alıb istifadə edə bilər”.

Keyfiyyətli dərmanlar baha olur...

Onun sözlərnə görə, ölkədəki dərman preaparatları keyfiyyətsizdir:

“Təəssüflər olsun ki, Azərbaycanda dərmanların əksəriyyəti keyfiyyətsizdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) verdiyi insulini şəkərli diabetdən əziyyət çəkən birinə vurursan, qanda şəkəri tənzimləmir, amma Rusiyadan alıb gətirilən eyni adda insulini vurduqda yaxşı tənzimləyir. Dərmanlarımızda problem olduğu üçün həkimlər xəstələrin qarşısında üzüqara qalır. 

Həkim ucuz dərman yazır, xəstə effekt görmədikdə həkimi günahlandırır. Ucuz dərmanların bəzi hallarda ya tərkibi, ya da depolarda saxlanma şəraiti normal deyil. Saxlanma şəraiti normal olmayanda da keyfiyyəti pisləşir. Bu səbəblərdən görürsən ki, dərman preparatları keyfiyyətsiz olur, effekt vermir. Onda da deyirlər ki, həkim pisdir, yaxşı müalicə eləməyi bacarmır. 

Keyfiyyətli dərmanlar baha olur. Keyfiyyətli dərman yazanda da deyirlər ki, həkim firma dərmanı yazır. Dövlət ölkəmizə idxal olunan və daxili istehsal olunan dərmanların keyfiyyətinə baxır, satılmasını təsdiqləyir. Amma dərmanların keyfiyyətsizliyi ortaya çıxır”. 

Hər dərman bir zəhərdir

Həkim bildirib ki, keyfiyyətsiz dərmanlar bir çox xəstəliklərə səbəb olur:

“Farmakologiyada deyirlər ki, hər bir dərman özü özlüyündə bir zəhərdir. Qaydasında, dərəcəsində istifadə edilməyəndə orqanizmə zərər verə bilir. Karlıqdan, korluqdan tutumuş, mədə-bağırsaq, sinir sistemi, ürək və s. bir çox orqanlara ziyanlı təsir göstərir. Gələcəkdə sonsuzluq və ya doğulacaq uşaqda mutasiya, eybəcərlik, şikəstlik yarada bilir. 

Yəni dərman preparatları elə bir şeydir ki, biz onu içdiyimiz an ağrıkəsici təsirini hiss edirik. Amma onun digər fəsadları illər sonra ortaya çıxır. Bu, əhalinin sağlamlığı, demoqrafik göstəricilər, uşaqların gələcəyi baxımdan çox strateji məsələdir”.

Apteklərdə niyə elektron reseptlər tətbiq olunmur? 

Aydın Əliyev elektron reseptlərin bütün tibb müəssisələrində və əczaxanalarda tətbiq olunmadığını qeyd edib:

“Əksəriyyəti kağız reseptlərdi, QR kodla istifadə olunmalıdır. Hamının,  yaşlı tibb işçiləri və vətəndaşların bundan istifadə edə bilməsi üçün illər lazım olacaq. Maarifləndirmə olmalıdır, bir videorolik paylaşıblar, mən neçə ilin həkimi 10 dəfə baxandan sonra başa düşürəm. Bunun izahı, necə istifadə olunması haqqında dəfələrlə məlumat paylaşılmalı, KİV-də işıqlandırılmalıdır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO