Köhnə taksilərin yeni “TAKTİKASI” – Yeni maşınla qeydiyyatdan keçib, köhnəsi ilə çalışırlar…

Köhnə taksilərin yeni “TAKTİKASI” – Yeni maşınla qeydiyyatdan keçib, köhnəsi ilə çalışırlar…

Hazırda oxunan: Köhnə taksilərin yeni “TAKTİKASI” – Yeni maşınla qeydiyyatdan keçib, köhnəsi ilə çalışırlar…

200280

İyul ayının 1-dən etibarən taksilərin fəaliyyəti haqqında yeni qərar qüvvəyə minib. Qərarda bir sıra qaydalar yer alıb.

Yeni qaydaların tətbiqində əsas məqsəd keyfiyyətin yüksəldilməsidir. Lakin bəzi sərnişinlər taksi xidmətinə görə qiymətdə artımlar olsa da keyfiyyətdə gözəçarpan dərəcədə dəyişikliyin olmadığından narazılıq edirlər. Şikayətlər isti yay günlərində taksidə kondinsionerin yandırılmaması, taksi sürücülərinin sifariş edilən ünvandan xeyli uzaqda gözləmələri və nağdsız ödənişlərdən imtina halları ilə bağlıdır.

Bəziləri isə taksi şirkətlərinin proqramında başqa avtomobil, ünvana gələn avtomobilin isə fərqli, köhnə olduğunu iddia edirlər.

Keyfiyyətlə qiymətin tərsmütənasibliyi…

Bu hallar əvvəllər də taksi xidmətində mövcud idi. Lakin indi əsas narazılıq keyfiyyətlə qiymətin tərmütənasib olmasıdır.

Bəs bu cür hallarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət olunubmu? Keyfiyyət necə təmin olunacaq, neqativ halların qarşısı necə alınacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər:

“Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Hazırda isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər. Həmçinin avtomobillərə “avro-5” standartı tələbi də iyulun 1-dən qüvvəyə minib. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün idxal edilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir. Bu günədək taksi fəaliyyəti üçün 11696 “Buraxılış kartı” alınıb”.

Taksi fəaliyyətinə nəzarət üçün “E-taksi” alt sistemi yaradılıb.

Məlumatda qeyd olunub ki, taksi fəaliyyətinə nəzarət üçün sistem yaradılıb:

“Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər. “E-taksi” xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək.

Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq və xidmət keyfiyyəti artacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.

Sistemdəki nəqliyyat vasitəsilə ünvana gələn avtomobil niyə fərqlidir?

Sistemdəki nəqliyyat vasitəsi ilə ünvana gələn avtomobil fərqinə gəldikdə isə qurumdan bildirilib ki, bu, inzibati məsuliyyət yaradan haldır:

“Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xətdən kənarlaşdırılacaqlar.

Qeyd edək ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO