Bu ilin yanvarında bütün növ pensiyalar artırılıb. Təqaüdlər 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilib. Hazırda minimum pensiya 280 manat, minimum əməkhaqqı isə 345 manatdır.
Dövlət sektorunda çalışan işçilərin və minimum əməkhaqqının məbləğində isə dəyişiklik olmayıb. Ötən gün Tarif Şurasının gediş haqlarının məbləğinin artırılması ilə bağlı qərarından sonra ilin sonunadək əməkhaqları və təqaüdlərin artırılması məsələsi yenidən aktuallaşıb.
Qeyd edək ki, ölkədə təqaüd və əməkhaqlarının indeksləşdirilməsi yeni ilin ilk rübündə baş verir. Lakin ildə iki dəfə təqaüd və minimum əməkhaqqının artırılması nümunələrinə də rast gəlinib.
Maraqlıdır, ilin ikinci yarısında əməkhaqları və təqaüdlərin məbləğində hər hansı artım gözlənilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Xalid Kərimli belə bir gözləntinin olmadığını deyib:
“Pensiyalar həmişə ildə bir dəfə indeksasiya edilir, indi də adi qaydada indeksasiya ediləcək, artırılacaq. İndeksasiya ediləndə də muzdlu işçilərin orta aylıq əməkhaqqının artım faizi əsas götürüləcək. Yəni işləyən işçilərin ortalama aylıq əmək haqqı faizi neçə faiz artsa, növbəti ilin yanvarın birindən etibarən təqaüdçülərin təqaüdü də ona uyğun indeksləşdiriləcək.
Sürətli inflyasiya dönəmində bir dəfə təqaüdçülərə 200 manat yardım verildi, sonradan yardım təqaüdün baza hissəsinə əlavə edildi. İndi sürətli inflyasiya periodu deyil, təqaüdlər təzə, yəni yanvarın birində artıb. Ona görə də ikinci dəfə artım gözlənilmir”.
Özəl sektorda maaşlar artırıla bilər...
O bildirib ki, özəl sektorda isə bunun tapşırığı yoxdur, özəl sektor əməkhaqlarını artıra bilər:
“Minumum əmək haqqının artırılması gələn il yanvarın birindən gözlənilir. Bu il artırılmadı, gələn ilə gözlənilir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 02.07.2024
Maaş və təqaüdlər artırılacaq? – MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Maaş və təqaüdlər artırılacaq? – MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Maaş və təqaüdlər artırılacaq? – MÜHÜM AÇIQLAMA
200076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.