Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Zeynalov Ucar Fidail oğlunun qalıqları bu gün ailəsinə təhvil verilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhid 19.07.1992-cü ildə Bakı şəhərində I Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunub.
Şəhid Zeynalov Ucar Fidail oğlu 07 mart 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. 1980-ci ildə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib Göygöl Peşə Məktəbinə daxil olub. 1992-ci ildə Peşə Pəktəbini bitirib. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Zeynalov Ucar Fidail oğlu I Qarabağ müharibəsində 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Umudlu kəndində gedən döyüşlərdə həlak olub.
Şəhid doğulub, boya-başa çatdığı Pənahlılar kənd qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, şəhid ailələri, Göygöl rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu