15 nəfərin ölümünə görə həbsdə yatıb-çıxan şirkət rəhbərinin növbəti ÖZBAŞINALIĞI – Lifti qırılan binadan ŞİKAYƏT

15 nəfərin ölümünə görə həbsdə yatıb-çıxan şirkət rəhbərinin növbəti ÖZBAŞINALIĞI – Lifti qırılan binadan ŞİKAYƏT

Hazırda oxunan: 15 nəfərin ölümünə görə həbsdə yatıb-çıxan şirkət rəhbərinin növbəti ÖZBAŞINALIĞI – Lifti qırılan binadan ŞİKAYƏT

198964

Son zamanlar Bakıdakı binaların liftlərində baş verən qəzaların və xəsarət alanların sayı artır. Növbəti belə hallardan biri ötən gün Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79 ünvanında baş verib. Belə ki, 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb. Nəticədə beş qadın xəsarət alıb. Əldə etdiyimiz məlumata əsasən, bina “Global İnşaat” MMC-yə məxsusdur. Binada iki lift var və hər ikisi qəzalı vəziyyətdədir.  

Sözügedən binada eyni hadisə 10 il əvvəl də baş verib. Ümumilikdə isə bu binanın liftlərindəki problem illərdir ki, davam edir. 

Məlumatlara görə ötən günkü hadisədə xəsarət alan qadınların arasında müğənni Təranə Qumral da olub. 

Məsələni dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxladıq. 

Təranə Qumral saytımıza açıqlamasında qırılan liftin içərisində olmasa da, xəsarət alan qadınlarla üz-üzə gəldiyini deyib:

“Liftin içində olmamışam, amma xəsarət alan xanımlarla üzbəüz gəlmişəm. Belə ki, mən qızımla liftdən çıxmışam, onlar giriblər. Daha sonra lift qırılıb. Həmin hadisə mənim də başıma gələ bilərdi. Biz 17 ildir bu binada yaşayırıq. Hər dəfə lift dəyişmək olmur ki! 10 il əvvəl sakinlərlə 1000 manatdan yığıb yeni lift aldıq, amma nə fayda... Biz 13-cü mərtəbədə yaşayırıq, liftdəki hadisədən sonra o qədər həyəcan keçirmişik ki! Xəsarət alan xanımlarla aramızda 1 saniyə fərq olub. Biz düşmüşük, onlar liftlə qalxanda 8-ci mərtəbədə tros qırılıb yerə düşüblər. Xəsarət alan qadınlar heç bina sakinləri də deyil, 15-ci mərtəbədəki mənzilə qonaq gəliblərmiş. Bina bütün qanla dolub, hələ də təmizlənməyib. Lift də təmir olunmayıb”.

Müğənni qeyd edib ki, sözügedən binada özbaşınalıq və yiyəsizlikdir:

“Bu bina yiyəsizdir, kim istəyir su çəkir, kim istəyir lifti saxlayır. Bina sakinlərinin heç birinə çıxarış verilməyib. 35 manatdan blokun təmizliyi üçün pul yığırlar, amma bütünlüklə natəmizlikdir. Binanın iki lifti var, biri ümumiyyətlə işləmir”, - deyə müğənni gileylənib. 

Qeyd edək ki, 27 yanvar 2024-cü ildə “Global İnşaat” MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu da tərtib olunub.

Araşdırmalarımıza görə, əvvəllər “Global Construction” adı ilə fəaliyyət göstərən sözügedən şirkətin rəhbəri Miryusif Mahmudov olub. Miryusif Mahmudov 2015-ci il may ayının 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğına görə 8 il həbs cəzası alıb, lakin 2019-cu ildə azadlığa buraxılıb. 

Bütün bunlar onu göstərir ki, “Global İnşaat” MMC-nin fəaliyyətindəki özbaşınalıqlar hələ çox insanın canından olmasına səbəb olacaq. 

Yeni Bakının köhnə və qəzalı lift dərdi həm də Qüdrət Şükürovun dövründən əhalinin bəlasına çevrilib. 

Məlum olduğu kimi, 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov külli miqdarda korrupsiya əməllərinə görə tutduğu vəzifədən azad edilib. Fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işi qaldırıldıqdan sonra yekunda ölkənin lift təsərrüfatında biabırçı faktlar üzə çıxıb. Təəssüf ki, Qüdrət Şükürovun vaxtilə qanunsuz əməllərinin ağır nəticələrini paytaxt sakinləri hələ də canları ilə ödəyirlər. 

Araşdırmalarımız göstərir ki, son 30 ildə paytaxtda 2 mindən çox yeni çoxmənzilli yaşayış binaları tikilib sahiblərinə təhvil verilib. Qeyd edək ki, MTK-lar istənilən lift şirkəti ilə əməkdaşlıq etməkdə azad olsalar da, liftlərə nəzarətlə bağlı qurumlarla müqavilə bağlamalıdırlar. Bununla da liftlər hər üç aydan bir mütəxəssislər tərəfindən yoxlanılmalıdır. 

Məlumat üçün onu da bildirək ki, Bakıdakı liftlərə Bakı İcra Hakimiyyətinin nəzdində “Lifttəmir” İB ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin xüsusi mütəxəssisləri nəzarət etməlidir. 

Yüzlərlə insanın həyatı ilə oynayan “Global İnşaat” MMC ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. Maraqlıdır ki, istər hazırki adı “Global İnşaat” MMC olan, istərsə də əvvəllər “Global Construction” MMC kimi tanınan şirkətin əlaqə nömrələri ilə bağlı heç bir məlumat tapmaq mümkün olmayıb.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO