Cəlilabaddakı Zəli gölünü Əmir Teymurla nə bağlayır? – VİDEO 

Cəlilabaddakı Zəli gölünü Əmir Teymurla nə bağlayır? – VİDEO 

Hazırda oxunan: Cəlilabaddakı Zəli gölünü Əmir Teymurla nə bağlayır? – VİDEO 

198330

Azərbaycan ərazisinə yürüş edən Əmir Teymurun əsgərlərinin yoluxucu xəstəliklərindən müalicəsi üçün düşərgə qurulur. Açıq xəstəxana tipli bu düşərgədə sonradan "Zəli gölü" adlandırılacaq süni göl də yaradılır. Gölün dərinlikləri tam sal daşlarla örtülür, ətraf hissələrində də xəstələrin müalicə qəbul edilməsi üçün daş çarpayılar qoyulur. 

Tarixi mənbələrdə, elə el içində də həmin bu əraziyə "Mərəzxana" deyilir. Cəlilabad rayonun Qamışlıgöl kəndində, Buravar sıra dağlarının ətəyində salınmış göldə isə bu gün də unikal şərq zəlisi yaşayır. 
Hazırda təqüddə olan kənd sakini və müəllim Elnur Tağıyev deyir ki, elə uşaqlıqdan bu ərazidə yaşayan sakinlərin müalicəsinin əsasında zəlinin dayandığını görüb. Oynaq ağrılarından tutmuş ürək ağrılarına qədər zəli əvəzedilməz məlhəm rolu oynayıb. Hətta gicgaha qoyulan zəli göz zəifliyini tam aradan qaldıra bilib. 

Qeyd edək ki, zəli ilə müalicə hirudoterapiya adlanır. Mütəxəssislərin fikrincə, zəli insan qanına öz ağız suyunu buraxdıqdan sonra, onun tərkibindəki 60-dan çox zülal komponentləri müalicəvi təsiri sürətləndirir. Buna görə də zəli, ürək-damar, ginekoloji, prostat, qalxanvari vəz, babasil və digər xəstəliklərdə çox kömək edir. Eyni zamanda qan təzyiqi stabilləşir, laxtalanmanın qarşısı alınır, yuxunu və iştahı yaxşılaşdırır. 

Hazırda zəli tutmaqla sözügedən kəndin bir neçə gənci könüllü olaraq məşğulolur. Yəni, kimsə xəstədirsə, bu gənclər təmənnasız olaraq gölə daxil olur. Onların həm özlərinə məxsus zəli tutmaq texnikası var, həm də zəlini xüsusi nəğmə oxuyaraq çağırırlar. 

"Zalxa, Zalxa, gəl bir qaşıq qan apar!" çağrışı ilə başlayan nəğmə zəli tutulana qədər davam edir. Bu nəğmənin də el içində uzun illərdir yaşadıldığı bildirilir. 

Həmin gənclərdən olan Hüseyn Mirzəyev deyir ki, indi zəli tutmaq da çətinləşib. Çünki gölə su yığılmasının qarşısı zaman-zaman alınır. Avqustda isə göl quruduğundan zəlilər də tələf olub gedir. Əslində isə məhz isti aylarda zəli üzə çıxır və bu aylarda zəlidən istifadə daha çox məsləhət görülür. 
Kənd sakinlərinin ən böyük arzuları göl ətrafında tibbi-istirahət müəssisənin yaradılmasıdır. Bu həm min illik şəfa mənbəyinin dirçəldilməsi, həm də tariximizin yaşadılması olardı.
 


Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO