"Erməni soyqırımı" və Çingiz Abdullayev-Baba Vəziroğlu SUSQUNLUĞU... - FOTOFAKT

Hazırda oxunan: "Erməni soyqırımı" və Çingiz Abdullayev-Baba Vəziroğlu SUSQUNLUĞU... - FOTOFAKT

19738

ABŞ lideri Cozef Baydenin ermənilərin uydurma "soyqırımı" barədə danışması müxtəlif ölkələrdə birmənalı qarşılanmadı. 

Bizim.Media xəbər verir ki, Bayden bu təxribata imza atan kimi erməni cəbhəsində bayram başladı.

Bəyanata istehza edən ölkələrdən biri Pakistan oldu, çünki onlar heç Ermənistanı dövlət kimi tanımırlar.

Rusiya ictimai-siyasi həyatı da qondarma "soyqırım"la bağlı üçə bölündü. Belə ki, federasiyanın çox hissəsi Ermənistanı dəstəklədi, bəzi vəzifəlilər neytrallığı qorudu. İllərdir ki, ermənilərə qarşı soyqırımın olmadığını sənədlərlə isbatlayan Oleq Kuznetsov kimi tarixçilər isə Ankaranın tərəfini tutdu.

Baydenin məlum ifadəsindən sonra Bakı da dərhal Ankaranın yanında yer aldı. Prezident İlham Əliyevin Ərdoğanla telefon danışığı da buna sübutdur. Digər tərəfdən ABŞ dövlət katibi Entoni Blinkenlə ilk telefon danışığı zamanı da Azərbaycan lideri Türkiyənin yanında olduğumuzu bəyan etdi. 

Azərbaycanın bütün KİV-də erməni saxtakarlıqlarının əksinə yönələn yazılar, reportajlar işıqlandırıldı.

Politoloqlar və bir qisim tarixçilər də açıqlama və müxtəlif yazılarla qardaş ölkənin tərəfini tutdular. Lakin eyni vəziyyət ölkənin tanınmış şair və yazıçılarını əhatə etmədi. Nümunə üçün, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun "Facebook" profilində son paylaşım kimi  "dünyanın sevinci, həm də qəmiyik" sətirləri ilə başlayan şeir yer alıb. Guya ki, erməni saxtakarlıqlarına aid bir "kuplet"i ərsəyə gətirmək çətin idi?

"Baydenin Kardaşyan sevdasına bax,
Pozğunçün tarixi ağ yalanlayır.
Elə bir zəmanə gəlib ki, Allah,
Şeytan yalanıyla düzü danlayır."

Yəni, bunu yazı əsnasında biz hecalaya biliriksə, xalq şairi olanlar şedevr yaratmalıdır. Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə həyatda deyil deyə bu mövzuda nəzmləri də öldürmək olmaz. 56 minlik Ramiz Rövşən səhifəsində də erməniləri ifşa edəcək paylaşım görmədik. Heç meyxana deyənlərdən də erməni saxtakarlıqlarını danlaq edən qafiyə eşitmədik. Halbuki, onların da izləyicisi az deyil. 

Hamını təəccübləndirən isə bütün MDB məkanında populyar olan yazıçı Çingiz Abdullayevin də uydurma "erməni soyqırımı"na susmasıdır.

Yazıçının "Facebook" səhifəsindəki son paylaşım aprelin 22-də Milli Qəhrəman Allahverdi Bağırovla bağlıdır. Əlbəttə, şanlı tariximizin anılmasına alqış düşür. Özü də ki, 44 günlük savaş ərzində Çingiz Abdullayevin ermənipərəst rus telekanallarında Azərbaycanın haqlı mövqeyini müdafiə etməsinə görə, ondan gözləntilər çox idi. Çünki Çingiz Abdullayev kimi oxunan və izlənən şəxslərin erməni propoqandalarını ifşa etməsi İrəvandan tutmuş, Moskva və Beyruta qədər bütün daşnakları narahat edə bilərdi.

Bu isə, bütün arenalarda Azərbaycanın yanında olan Türkiyəyə xırda da olsa, dəstək nümayişi olardı.

Yaxşı ki, heç olmasa Azərbaycan Yazıçılar Birliyinin rəsmi internet səhifəsində Baydenin bəyanatı qınanıb, "erməni soyqırımı"nın saxtalığı qeyd olunub. Ən əsası da yazılıb ki, "Qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik".

Anar Rəhimov, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO