Günün 8 saatını işləyən valideynlər övladlarına vaxt ayırırlar? – Maraqlı AÇIQLAMA

Günün 8 saatını işləyən valideynlər övladlarına vaxt ayırırlar? – Maraqlı AÇIQLAMA

Hazırda oxunan: Günün 8 saatını işləyən valideynlər övladlarına vaxt ayırırlar? – Maraqlı AÇIQLAMA

197115

Müasir dünyanın problemlərindən biri də vaxt azlığıdır. Azərbaycanda günün 8 saatını işdə, Bakı kimi əhalinin sıx olduğu şəhərlərdə 2-3 saatını da yolda keçirən insanlar var. Vaxt darlığı gənclərin özünü inkişaf etdirməsinə, valideynlərin övladlarına, şəxslərin özlərinə, dost-tanışa zaman ayırmağa imkan vermir. Ona görə də indiki şəraitdə ailə üzvlərinin bir-biri ilə çox vaxt keçirməsi mümkün deyil. Valideynlər övladlarının üzünü yalnız axşamdan-axşama görür, şam edəndə bir araya gəlirlər, onda da iş yorğunluğu, digər qayğılar onların birgə əyləncəsinə mane olur.

Lakin mütəxəssislər hesab edirlər ki, ailə üzvləri, xüsusilə valideynlər övladları ilə nə qədər çox vaxt keçirsələr bu onların psixologiyasına müsbət təsir edəcək. Övlad həm də valideynləri təqlid edərək böyüyür, formalaşır, valideynin hər mühitdə onunla olması, ata və ananın o mühitdə davranışı uşaq üçün örnəkdir.

Bəs gün ərzində 8 saat işləyən valideynlər övladlarına necə vaxt ayırırlar? Evdəki 2-3 saat vaxt onların tərbiyəsinə, xoşbəxt olmağına yetərlidirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, gün ərzində bir neçə dəqiqə vaxt ayırmaq da onların psixologiyasına müsbət təsir edir:

“Bu gün deyirik ki, valideynlər 8 saat işləyir, amma övladına ayırmağa vaxtı yoxdur. Mən sizə evdar qadınlar göstərə bilərəm ki, heç bir yerdə işləmir və uşağına da diqqət, qayğı ayırmır. Yəni diqqət, qayğı iş prosesi ilə əlaqəli deyil. Övladınıza gün ərzində iki dəqiqə vaxt ayırmağınız yetərlidir ki, özünə qarşı qayğını hiss eləsin. Axşam gec saatlarda evə gəlirsiz, uşaqlar onsuz da gec yatırlar, onu yanınıza çağırıb gününün necə keçməsini, dərsləri haqqında soruşa bilərsiniz. Uşaq onda valideynə maraqlı olduğunu düşünür. Amma yorğun olduğunuzu əsas gətirib yatanda övladınız sizdən heç nə götürmür”.

O hesab edir ki, Azərbaycanda da iş fərqli saatlarda başlayıb fərqli saatlarda bitsə, insanların özlərinə ayırmağa daha çox zamanları qalar:

“Mən çox istərdim ki, bizdə də iş saatı standartlara uyğunlaşsın, yəni hamı işdən eyni saatda çıxdığı üçün iş çıxışı şəhərdə nəqliyyatın hərəkəti dayanır, ictimai nəqliyyatda sıxlıq yaranır. İş saatları eyni qalıb gündəlik vaxtında dəyişiklik olunsa, övladlarımıza da daha çox zaman ayıra bilərik. Xarici ölkələrlə müqayisə eləsək, Azərbaycan ən çox övladına zaman ayıranlar sırasındadır. Biz övladımıza görə canımızı qurban veririk, yemirik yedirdirik, hazırlıqlara pul tökürük və onlar üçün hər şey edirik. Övladımız üçün öz ölüm pulumuzu belə yığırıq ki, mən öləndə bu pulla məni dəfn edərsən. Avropa ölkələrində yaşlı insanların sayı çoxdur, amma bizdə yaşlı insanlar qalmırlar. Başqa ölkələrdə yaşlı insanlar səyahətə gedir, onların kifayət qədər pulları olur. Azərbaycanda isə yaşlı adamın dərmanını almağa belə pulu olmur. Bu, təqaüdlə əlaqəli deyil”.

Psixoloq valideynlərə özlərinin evdə gördükləri işi uşaqlarla birgə etməyi tövsiyə edib:

“Əgər övladınızın xoşbəxt olmağını istəyirsinizsə, özününz xoşbəxt olmalısınız. Valideyn axşam evə gələndə övladları birgə yemək hazırlasın, eyni işi övladı ilə bərabər görsün. Övladının izlədiyi filmi izləsin, onun maraq dairəsi ilə tanış olsun, övladı ilə bərabər onun əylənəcəyi yerlərə getsin. Eyni zamanda da axşam onlarla birgə yürüşə çıxsınlar.

İndi qızlar oğlanları çox sevir, çünki ən çox xoş söz eşitdiyi adam odur. Övladınıza xoş sözlər deyin ki, yanlış insanlara bağlanmasınlar. Övladınızın başına sığal çəkərək ona sən ağıllısan, sən bacarıqlısan sözlərini deyin. Necə deyəcəksinizsə, övladınız elə olacaq. Uşaqlıq dönəmində verilməyən sevgi onu travmalarla yaşamağa məcbur edir. Sevgi, diqqət, qayğı sözlədir, pulla deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO