Jurnalist Sara Əzimova yazır: “Qərbi Azərbaycana qayıdışın sədası Naxçıvandan eşidiləcək”

Jurnalist Sara Əzimova yazır: “Qərbi Azərbaycana qayıdışın sədası Naxçıvandan eşidiləcək”

Hazırda oxunan: Jurnalist Sara Əzimova yazır: “Qərbi Azərbaycana qayıdışın sədası Naxçıvandan eşidiləcək”

197109

Naxçıvan Azərbaycanın ən möhtəşəm tədbirinə – “Qərbi Azərbaycana Qayıdış” festival-konqresinə hazırlaşır.

Ötən ilin noyabr ayında da keçirilən “Qərbi Azərbaycana Qayıdış” festival-konqresində də bizim silahla deyil, sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində tarixi dədə-baba torpaqlarımıza qayıtmaq kimi mühüm mesajlar verdik.
Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpasıdır. Qeyd etməliyik ki, böyük tarixi Zəfərimizdən sonra Prezident cənab İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edir. Ali Baş Komandanın qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstəyi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ilə bağlı tapşırıqları hər bir azərbaycanlının qarşısına mühüm vəzifələr qoyur. Məhz bu baxımdan muxtar respublika rəhbərliyinin ikinci dəfədir, keçirdiyi “Qərbi Azərbaycana Qayıdış” festival-konqresi mühüm tarixi hadisədir. Daha dəqiq desək, Naxçıvanda keçirilən bu möhtəşəm tədbir cənab Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası məsələlərinə işıq tutulması ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu tədbirin Naxçıvanda keçirilməsi təsadüfi deyil. Çünki Naxçıvan deportasiyaya məruz qalan qərbi azərbaycanlı soydaşlarımıza çətin günlərində dəstək olub, onlara qucaq açıb. Bu gün qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb. Onlar öz adət-ənənələrini yaşadır, bir gün öz dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İyun ayının 21-22-də Zəngəzur Milli Parkı (Batabat yaylağında) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək festival-konqres dünyaya Qərbi Azərbaycana qayıdışın ayaq səslərini eşitdirən hadisələrdən olacaq. Konqresdə soydaşlarımıza qarşı həyata keçirilən mənfur deportasiya siyasətinin bütün qaranlıq məqamlarına yenidən aydınlıq gətiriləcək. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının üzvlərinin və Musiqi Kollecinin tələbələrinin təqdimatında Qərbi Azərbaycan ənənələri əsasında kompozisiyalar, 2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana Qayıdış” festivalı konqresindən videoçarx nümayiş olunacaq. “Qərbi Azərbaycana Qayıdış” olimpiadasının qalibləri mükafatlandırılacaq. Həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələri özündə əks etdirən kitab, jurnal, tədqiqat işləri, monoqrafiyalar, qəzetlər nümayiş olunacaq. Rəsm və memarlıq sərgisi festivala ayrı rəng qatacaq.

Hədəfimiz isə bəllidir:

– deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının bərpası

– Qərbi Azərbaycanda etno-mədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması

– dünya elmi ictimaiyyətinə çatdırılması.

Bu dəfə konqresin ən mühüm və maraqlı hissəsi Batabatda qərbi azərbaycanlı iki gəncin toy mərasiminin baş tutması olacaq. Toy mərasimində qərbi azərbaycanlı soydaşlarımızın adət-ənənələri, mətbəxi də nümayiş etdiriləcək. Dövlət başçımızın “Biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik” ideyası ilə toy sədaları o yurd yerlərimizə çatacaq. Böyük Qayıdış missiyası ilə Qərbi Azərbaycanımıza da dönməyə, qəribsəmiş elimizi, yurdumuzu qəriblikdən qurtarıb qurub-yaratmağa başlayacağıq. Biz gəlirik. Özü də silahsız. Sülhlə Vətənimizə qayıdırıq. Ölkə Prezidenti cənab İlhamƏliyevin dediyi kimi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Sara ƏZİMOVA

“Şərq qapısı” qəzetinin baş redaktoru


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO