Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər.
Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.
Kamran Əliyev ötən ilin fevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.
Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Tərəflər ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.
Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.
Görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Bizim.Media