Qırğızıstan hökuməti Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış eksperimental yak təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizə 101 baş yak hədiyyə edib.
Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə şəxsi hədiyyəsi olan yaklar artıq ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər ərazisində təbiətə buraxılıb.
Ölkəmizə gətirilən yakların seçim prosesində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər. Qırğızıstana ezam olunan nazirlik əməkdaşları yerli mütəxəssislərlə birlikdə Narın rayonundakı yak təsərrüfatlarında heyvan seçimi aparıblar. Seçilmiş yaklar əvvəl karantin rejimində saxlanılıb, onlara müvafiq peyvəndlər vurulub. Daha sonra heyvanlar xüsusi nəqliyyat vasitələri ilə Bişkekə gətirilib, oradan təyyarə ilə Gəncə şəhərinə yola salınıb.
Azərbaycana yakların təyyarə ilə göndərilməsinə həsr olunmuş tədbirdə çıxış edən Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin birinci müavini Kubat Kaseinov bildirib ki, Azərbaycana hədiyyə edilən yaklar bütün sanitar baytarlıq nəzarətindən keçib və heyvanların tam sağlam olduğunu təsdiqləyən müvafiq sənədlər Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinqi şöbəsinin nümayəndələrinə təqdim edilib.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizə gətirmək üçün 82 dişi, 19 erkək yak seçiblər. Beş günlük karantin rejimi dövründə seçilmiş dişi yaklardan 15-i balalayıb. Doğulan buzovlardan 6-sı erkək, 9-u isə dişidir. Doğulan balalar da digər heyvanlarla birlikdə Azərbaycana göndərilib.
Təyyarə ilə Gəncə Beynəlxalq Hava Limanına gətirilən yaklar burada xüsusi maşınlarla Ağdərə yolu ilə Kəlbəcər yaylaqlarına aparılıb. Qazxan yaylağında təbiətə buraxılan yakların həm buradakı sürüyə, həm də yerli təbiətə uyğunlaşması prosesi davam edir.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlarda eksperimental yak təsərrüfatının yaradılmasına 2022-ci ildə başlanıb. Həmin il Azərbaycanda eksperimental yak təsərrüfatının yaradılması məqsədilə ölkəmizə dəvət olunan qırğız ekspertlərin iştirakı ilə monitorinqlər keçirilib və yer seçimi edilib. Mütəxəssislərin rəyi ilə işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonunun yüksək dağlıq əraziləri yak təsərrüfatının yaradılması üçün uyğun sayılıb.
Daha sonra Qırğızıstandan Azərbaycana gətiriləcək yaklar seçilib və onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb və təhlükəsiz daşınması üçün xüsusi qəfəslərdə təyyarə vasitəsilə Azərbaycana gətirilib.
Soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış yaklar Laçın rayonunun yüksək dağlıq ərazilərinə aparılıb və burada heyvanların yerli iqlimə adaptasiyası başlayıb. Ötən il ərzində eksperimental yak təsərrüfatında artıq iki dəfə döllənmə qeydə alınıb, alınan balaların yerli şəraitə daha sürətlə uyğunlaşdığı müşahidə olunub.
Açıq ərazilərdə bəslənən yaklar mütəxəssis nəzarətində saxlanır. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıq lövhələri quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.
Dəniz səviyyəsindən 2500 metr hündürlükdə yaşayan yaklar başqa heyvanlar üçün əlçatmaz olan yem və su mənbələrindən qidalanırlar. Buna görə onların əti və südü ekoloji cəhətdən yüksək keyfiyyətli hesab olunur. Yak heyvan növünün əsas xüsusiyyəti özəl yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib.
Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 metr yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.
Bizim.Media