Bu xanəndənin adı Seyid Mirbabayevdir. Əvvəlcə, XIX əsrin sonu- XX əsrin əvvəllərinin simvolu sayılan neftxudaların toyunda oxuyardı. Daha sonra isə özü onlardan birinə çevrildi. Necəsi isə çox maraqlıdır.xa0
Moderator.az Azərbaycan mədəniyyət tarixinin həm ən şanslı, həm də ən şanssız xanəndəsi sayılan Seyid Mirbabayevdən bəhs edən kiçik araşdırmasında bu suala aydınlıq gətirəcək. Bu yolda bizə köhnə Bakının mükəmməl bilicisi sayılan Manaf Süleymanovun Bakı milyonçuları haqqındakı araşdırması kömək edəcək:
“Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də Seyid Mirbabayev idi. Çox məlahətli səsi varmış, musiqi duyumu yaxşı imiş. Dövlətlilər bir-birinin bəhsinə onu toya dəvət edər, güclü pul, qiymətli hədiyyələr verərdilər. Varşavada səsini qramofon vallarına yazıb, çox baha qiymətə satırdılar; çox vaxt birə iki, birə üç qiymətə. Hacı Zeynalabdin Tağıyev həmişə ona tapşırarmış ki, Ağa, səsindən muğayat ol, korlanmasın. O səs Allahın elə nemətidir ki, ələ düşməz; pulla almaq mümkün olmayan nemət, Allah bəxşişidir”x9d.xa0
Mirbabayevin varlanıb böyük dövlət sahibi olmasının maraqlı tarixi var: Bir dəfə Bakının adlı-sanlı, zəngin bir ailəsi əziz-xələf oğlanlarının toyuna Mirbabayevi çalğıçıları ilə çağırırlar. Çoxlu təmtəraqlı kef və toy məclisləri görmüş, püxtə, sərraf, arif xanəndə və sazəndələr o dəqiqə məclisin nəbzini tutub başa düşürlər ki, bura ayrı aləmdir. Qonaqlar qızıl-cavahirat içində üzür, təkcə xəncər, beybut və tapançalarının qızıl-gümüşünə neçə-neçə göydələn, imarət tikdirmək olar. Mirbabayev o dərəcədə məclisi şənləndirir ki, hər havanı oxuyub qurtaranda dəf dolusu əskinas, qızıl şabaş toplayır. Neftxudalar, tacirlər, gəmi sahibləri, ticarət mülk sahibləri bəhsə-bəhs varını, səxavətini, toy sahiblərinə hörmətini gözə çarpdırıb üstün olmağa cəhd edirlər. Xanəndə ilhamla, böyük ustalıqla segah muğamı üstündə bəyi tərifləyir.
Bəyin gözəl libaslı, belində qızıl kəmər, qızıl xəncər, tapança, boynundakı qızıl zəncirdən brilyant sallanmış dayısı yerindən qışqırır:xa0
-Seyid, ana babamdan mənə miras qalmış “Bala Şoranlıq”x9dda qazdırdığım quyunu sənə xələt verirəm... Nə çıxsa, sənin bəxtinə, quyu başa çatana qədər xərci mənim boynuma. Cəddinə qurban olum, oxu, təriflə!”x9d
xa0Belə töhfədən sonra Seyid sağ əlini qoyur qulağı qənşərinə, adsız barmağındakı üzüyünün iri brilyant qaşı bərq vurur. Daha da cuşa gəlir, qavalı atıb-tutur, elə fəsahətlə, ilhamla davam edir ki, məclisdəkilər heyran qalır.
Xanəndənin dəfinə şabaş xəzəl kimi tökülur... Xanəndə qışqırır:xa0
-Bəy oynasın! Ucuzluq olar.xa0
Sazəndələr bəy üçün vağzalı çalır. Tay-tuşu bəyi ortaya çəkir. Birdən xəbər gəlir ki, “Bala Şoranlıq”x9ddakı quyu fontan vurub. Yeri-yurdu qızıl seli bürüyür, xanəndə Seyid bir anda dönür olur milyonçu Seyid...xa0
Bundan sonra Seyidin təkcə xoşbəxtliyi yox, həm də bədbəxtliyi başlayır. O, Varşavada yazılan vallarını baha qiymətə alaraq sındırır ki, onun bir zamanlar xanəndə olduğunu kimsə bilməsin. Guya əsl sənəti olan xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirir, şan-şöhrətini azaldır. Seyid Mirbabayev onu yüksəldib zirvələrə qaldıran, bu mərtəbəyə ucaldan Allah vergisinə, xoş səsinə, xoş avazına pullanandan sonra həqarətlə baxır.xa0
Kiçik bir haşiyə”¦ Manaf Süleymanovun Bakı milyonçuları barəsindəki araşdırmasından oxuyuruq:
“Yeri gəlmişkən, xoş avazlı, məlahətli səsinin Varşavada qramofon valına yazılması və Seyid adı ilə əlaqədar bir əhvalatı oxuculara çatdırmaq elə zənn edirəm ki, maraqlı olar. Seyid Mirbabayevdən sonra qarabağlı xanəndə Seyidi səsini yazmaq üçün Varşavaya dəvət edirlər. Gedir oxuyur və səsi vala düşür; adını soruşanda deyir ki, Seyid. Məəttəl qalırlar və deyirlər ki, Seyid adlı adamın səsi bizdə var. Necə olar, o da Seyid, sən də Seyid? Xeyli götür-qoydan sonra iki Seyidi bir-birindən ayırd etmək üçün qərara gəlirlər ki, ikinci Seyidə Şuşinski adını əlavə etsinlər”x9d.xa0
Seyid Mirbabayev özünü başqa Bakı milyonçuları ilə bir sırada tutmaq üçün onlar kimi hərəkət edməyə, cəh-cəlal qurmağa başlayır.xa0
Hacı Zeynalabdin Tağıyevin yanına gedib xahiş edir ki, siz şəhərdə olan bütün imarətləri tanıyırsız, yanınıza məsləhətə gəlmişəm, mülk almaq istəyirəm. O da deyir ki, şəhərdə çoxlu mülküm var, oturduğum, bir də doğulduğum evlərdən savayı, hansını istəyirsən qurbandır cəddinə. Seyid razılıq edir və deyir ki, Hacı, sizin mülklərdə mənim gözüm yoxdur. Hacı deyir:xa0
-Onda məktub verim, get Tiflisə. Aramyan dəniz qırağındakı imarəti satırdı, bəlkə ala bildin. Çox yaxşı mülkdür, heç mənim imarətimdən əskik deyil.. Özüm o binada neçə il yaşadım, evim hazır olanda ordan köçdüm. Sonra Ağa Musa neçə il yaşadı, elə mən yaşadığım otaqlarda. Hesabdar Seyidməmmədov Mirhəbib Seyidəhməd oğlunu qoşur Seyidə, göndərir Tiflisə. Bir məktub da verir, deyir:xa0
-Bunu əvvəl aparıb canişin idarəsinə verərsən, deyərsən ki, Qori Seminariyasının hamiliyini götürürəm boynuma. İldə bir neçə min xərcin çıxsa da, padşahlıq qabağında üzün ağ olar, sözün keçər, gələcəkdə artıq müsəlman uşağı göndərə bilərik ora. Mən də elə buna görə Bakı Texniki Məktəbinin hamiliyini götürdüm üstümə. Gəlmişdilər ki, bina üç ildir qalıb yarımçıq, neçə min manat çatışmır. Dedim altmış beş min manat verirəm, özüm də o məktəbin hamisi oldum... Kamerçeski məktəbə də, ora da doxsan min manat xərclədim. Ağa Musa da realni şkolun hamisi oldu, indi orda oxuyanların yarıya qədəri müsəlman balalarıdır.
Seyid, Hacı deyən kimi eləyir, gedir canişinliyə Qori Seminariyasının hamiliyini götürür boynuna. Tiflisdə bu xəbər böyuk səs-küyə səbəb olur, Bakı milyonçusundan qəzetlər yazır, səxavətini tərifləyirlər. Hamı bu barədə danışır.xa0
Aramyanxa0 Bakıdan gələn qonaqları Tiflisin görməli yerlərinə aparır, mehribanlıq göstərir, axırda deyir ki, bir vaxt mən o mülkü satmaq istəyirdim, sonra fikrimdən daşındım. İndi ki, Hacı üstümə adam göndərib, məsləhət görür, satıram. Üç yüz min manat qiymət qoymuşdum. Hacının xatirinə əlli min manat güzəştə gedirəm. Seyid Mirbabayev bir sözü iki eləmir, cibindən bank kitabçasını çıxardıb, dörddə bir milyon manata çek yazıb qol çəkir, Aramyana uzadır.xa0
Seyid erməninin onu aldadaraq çox baha qiymətə satdığı mülkdə 1920-ci ilin aprel istilasına qədər yaşadı.xa0
Xanəndənin acı sonluğu haqqında isə Manaf Süleymanov və Firudin Şuşinskinin araşdırmalarından tanış olmaq olar. F. Şuşinskinin yazdığı “Azərbaycan xalq musiqiçiləri”x9d kitabında (tərtibçi: Aslan Kənan) Seyidin faciəvi sonluğunu oxuya bilərik:
“1920-ci il inqilabı zamanı isə digər milyonçular kimi Seyid Mirbabayev də Vətəni tərk etmək məcburiyyətində qaldı və dövlətinin bir hissəsini götürüb Parisə yollandı. Gətirdiyi sərvəti bir neçə il sonra əlindən çıxaran Seyid 1929-cu ildən tamamilə müflisləşdi.
...Bir gün keçmiş xanəndə-milyonçu səfil halda Parisin küçələrini dolaşırdı. Birdən gözünə "Patterqrammofon" şirkətinin elanı sataşdı. Şirkət iqilabaqədərki azərbaycanlı müğənnilərin səsi yazılmış köhnə valları satın aldığını elan edirdi. Əyin-başı tokülən Seyid cəld özünü şirkətə saldı və qarşısına çıxan ilk adama müraciət etdi:
xa0- Müsyö, mən elanla bağlı gəlmişəm. Sizə səsi Varşavada qrammofon valına yazılmış, tanınmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin valını gətirə bilərəm. Yeganə nüsxədir. Kiminlə danışa bilərəm? Şirkətin işçisi nimdaş paltarlı kişini şübhəylə süzüb gözləməsini xahiş etdi və pərdənin arxasında yox oldu. Az keçməmiş o, geri döndü və dedi:xa0
- Müsyö, şərtləriniz necədir?xa0
- Yenidən istehsal edilən valların satışından əldə ediləcək pulun 50 faizi mənə çatacaq. Həmin an işçinin üzündə yaranan təəccüb dolu ifadəni görüb cəld əlavə etdi:xa0
- Çünki o səsin sahibi mənəm.xa0
İşçinin gözləri böyüdü. O, bir neçə saniyə susub, sakitcə dilləndi:xa0
- O zaman Sizi gözləyirik...
Seyid sevincək şirkətdən çıxıb yaşadığı yoxsul pansiona qaçdı. İllərboyu keçmişindən xatirətək saxladığı valı əşyalarının arasından çıxardı. əzizləyib o üz-bu üzünün tozunu sildi. Sonra pencəyinin ətəyi ilə yaşarmış gözlərini quruladı. Valı astaca bağrına basdı. Bir vaxt ayaqlarının altında xıncım-xıncım edib əzdiyi səs indi onu həyata qaytaracaqdı. Gözlərinin qarşısına ümid elədiyi gələcəyini gətirdi. Ətək-ətək pullar, cah-cəlal, mülklər, bahalı geyimlər, azad, qayğısız həyat”¦ Valı cəld pencəyinin altına soxub yenidən həmin şirkətə qayıtdı. İndi o, yalnız şirkətin sahibi ilə danışmalıydı. Təmkinlə içəri keçdi. Axı onun həyəcanlı olmasını heç kim duymamalı idi. Dərindən köks ötürdü. Valı aramla sinəsindən ayırdı və şirkətin sahibinə uzatdı. Şirkətin sahibi vala baxdı. Həmin an onun gözlərində də qəribə bir işıltı yarandı. əlini irəli uzatdı və... Müsafirin əli əsdi. Uzatdığı val bir an içərisində titrəyən barmaqları arasından sürüşdü, havada dövrə vurub yerə düşdü və çilik-çilik oldu”¦ Gözlərinə inanmayan Seyidin sinəsindən dəhşətli inilti qopdu. Sonra xanəndə heç bir söz deməyib yerə çökdü və bir müddət beləcə oturdu. Özü də bilmədi ki, bu çömbəlmiş vəziyyətdə nə qədər qaldı. Bircə onu hiss etdi ki, sanki kimsə onu yuxudan oyadıb səslədi: - Seyid, qalx ayağa, ayıbdır. Sənə ağlamaq yaraşmır! Qulaqlarına inanmadı, təmiz Azərbaycan dilindəydi müraciət. Başını qaldırıdı. Qarşısında Bakının tanınmış milyonçularından Teymur bəy Aşurbəyov dayanmışdı...
...Qucaqlaşıb öpüşdülər. Məlum oldu ki, Teymur bəy Tehranda yaşayır, Parisə də alış-verişə gəlib. Daha sonra Teymur bəy Seyidi özüylə geyim əşyaları satılan mağazaya apardı. Burada onun əyin-başın tamamilə təzələdi və qoluna girib yaşadığı mehmanxanaya apardı. Həmin günün ertəsi onlar birlikdə Tehrana yollandılar. Bundan sonra Seyid Mirbabayev həmişəlik Tehrana köçdü və bu şəhərdə məskunlaşan bakılıların çayxanasında xanəndəlik etdi...
"Subaylıq sultanlıqdır", ”“ deyən Mirbabayev ömrünün sonunadək evlənmədiyindən özündən sonra da övlad qoymadı. Milyonçu kimi Vətənini tərk edən Seyid Mirbabayev 1953-cü ildə 86 yaşında Tehran şəhərində kasıb xanəndə kimi dünyasını dəyişdi”x9d.
Elmin Nuri
xa0






























































































