“Dövlət universitetində dərs deyən müəllim saatına 3 manat alır” – QALMAQAL 

“Dövlət universitetində dərs deyən müəllim saatına 3 manat alır” – QALMAQAL 

Hazırda oxunan: “Dövlət universitetində dərs deyən müəllim saatına 3 manat alır” – QALMAQAL 

19647

“Dövlət universitetlərində İT ixtisasdan saat hesabı dərs deyən müəllimin 1 saatı üçün əməkhaqqı 3 manatdır. Acınacaqlı vəziyyətdir. Özəl universitetlərdə isə nisbətən yuxarıdır, burada saat hesabı İT ixtisas tədris edən müəllim 1 saat üçün 15-25 manat ala bilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə uzun müddətdir ki, bütün dünyada rəqəmsallaşma, süni intellekt və innovasiyaların tətbiqi istiqamətində ciddi çalışmalar müşahidə olunur:
 

“Ölkəmizdə bu istiqamətdə müəyyən addımlar atılsa da konseptual bir yanaşma ortaya qoyulmayıb. Problemlər hədsiz çoxdur. Rəqəmsal transformasiya, texnologiyaların tətbiqi İT kadrlar olmadan mümkünsüzdür.


Bu sahədə də bizdə ciddi problemlər var. Diqqətlə müşahidə etsək görərik ki, biz İT-yə həvəsi 10 və 11-ci siniflərdə yerindəcə boğuruq. DİM İT ixtisas seçənlərdən İnformatika əvəzinə Kimyadan imtahan götürdüyündən məktəblər, müəllimlər, kurslar, repetitorlar, valideynlər bütün resursları Kimyaya xərcləyirlər. Bununla da bütün məktəblərdə yuxarı siniflərdə İnformatika bilərəkdən məhv edilir. Digər bir məsələ isə bu ixtisası seçən uşaqların ali məktəblərdə necə ixtisasa yiyələnməsi ilə bağlıdır”. 

Ekspert qeyd edib ki, adətən yaxşı proqramçılar, praktikaya yiyələnən İT mütəxəssislər universitetdən kənarda, biznes və ya dövlət sektorunda çalışırlar. Hansı ki, aylıq əmək haqları 2500-dən yuxarıdır:
 

“Universitetlər məcburdur ki, İT sahədə təcrübəsi olan, peşəkar kadrları kənardan cəlb etsin. Saat hesabı universitetdə dərs demək isə heç bir halda peşəkar gənc kadrlara sərf etmir.


Nə üçün? İlk baxışda inanılmaz görsənir, amma təəssüf ki, bu reallıqdır. Hazırda dövlət universitetlərində bütün İT ixtisaslar üzrə saat hesabı dərs deyən müəllim 1 saat üçün cəmi 3 manat alır. Təsəvvür edin ki, ən “bərk gedən” dövlət universiteti hansısa şirkətdə və dövlət sektorunda işləyib aylıq 3000 manat alan bir proqramçını, data analitiki 1 saat üçün 3 manat ödəməklə dərs deməyə dəvət edir? Kim razılaşar buna? Bunun nəticəsidir ki, biznes və dövlət sektorunda çalışan peşəkar mütəxəssislərin heç birisi dərs deməkdə maraqlı olmur. Maraqlı olanlar, gənclərə nəsə öyrətmək istəyənlər isə universitetdə deyil, yollarda itirdikləri vaxt və stress ucbatından bunu yarımçıq saxlamalı olurlar”.

Osman Gündüz hökumətin təcili bu məsələlərə ciddi diqqət yetirməli, rəqəmsallaşmaya cavabdeh dövlət qurumu NRYTN-nin bu istiqamətdə səyləri gücləndirməli olduğunu vacib sayıb. Onun fikirncə Təhsil Nazirliyi, Nazirlər Kabineti dövlət ali təhsil sektorunda əmək haqqı məsələlərinə müasir çağırışlar baxımından yenidən baxmalıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO