İctimai qınaq nə qədər ÖNƏMLİDİR?

İctimai qınaq nə qədər ÖNƏMLİDİR?

Hazırda oxunan: İctimai qınaq nə qədər ÖNƏMLİDİR?

196334

Xəbər verdiyimiz kimi aktrisa və prodüser Sevinc Əliyeva qonaq olduğu “Qapqara” verilişində qəribə açıqlama verib. O cəmiyyətimizdə ictimai qınağın olduğunu bildirib:

“Bu, hər bir şeyə aiddir. Mənim üçün ictimai qınaq önəmli deyil. Əgər önəmli olsaydı, həyatım başqa cür olardı”.

Aktrisanın bu fikirləri birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan rejissor, Xalq artisti Əbdül Mahmudov bildirdi ki, ictimai qınağı nəzərə almayanlar məsuliyyətsiz və ədəbsiz adamlardır:

“Bu adamların ədəblə, tərbiyə ilə problemləri var. İctimaiyyət xalq deməkdir. Əgər xalqın fikri nəzərə alınmırsa, onda o aktrisa hansı cəmiyyəti, hansı xalqı təmsil edir?! O hansı ölkənin vətəndaşıdır, başa düşmürəm?! Sevinc Əliyeva çox böyük səhv edir. Bu sözlərinə görə o xalqdan üzr istəməlidir.

Konstitusiyamızda yazılıb ki, dövlətin mənbəyi xalqdır. Xalqın fikrini nəzərə almayan birisi onda nə bu xalqa, nə də bu dövlətə hörmət etmir. Beləsini sənətdən qovmaq lazımdır”.

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, hər bir ölkənin kino sənayesi həmin ölkənin milli koloritini, ruhunu əks etdirdikcə maraqlı olur:

“Yəni əsər ölkə haqqında təsəvvür yaratmalıdır. Əfsuslar olsun ki, bəzi rejissor, ssenaristlər və bir çox aktrisalar əcnəbi həyatı imitasiya etməyi təşviq edir, xarici film qəhrəmanlarına qibtə hissi ilə yaşayır və nümayişkarənə şəkildə özlərini belə səhnələrə təklif edirlər. Bu aclıq sanki ənənəvi cəmiyyətimizin ictimai qınaq alətinə onların bir etiraz səsi, axına qarşı üzmə cəhdi kimi də yozula bilər.

Azərbaycan kino, film, teatr tarixində kifayət qədər ölçü çərçivəsində sözügedən aktrisaların oynamaq istədiyi səhnələr var. Ancaq bu səhnələr akrtisalarımızı sanki qane etmir. Onlar qərb kino sənayesinin qəhramanlarının rol aldığı səhnələrin aclığını yaşayır və bunu israrlı bir şəkildə dilə gətirirlər.

Ancaq unutmayaq ki, bizim arxetiplər Qərbdən fərqlidir. Bu fərqlilikləri sənətdə də qorumaq lazımdır. Milli identikliyi müəyyən edən arxetiplərə hörmətlə yanaşmaq lazımdır. İnanmıram ki, qərb tamaşaçısına, yaxud azərbaycanlı tamaşaçıya qərb həyatını təqlid edən "sənət adamı" maraqlı olsun. Hər bir ölkənin sənət nümunəsi spesifikliyi ilə mənalı və maraqlıdır.

O ki, qaldı bəzi sənət adamları buyurub qərb ölkələrinin səhnə qapılarını döysünlər, meyarlara cavab verərək qəbul olunarlarsa, bu "aclığı" doldura bilərlər. Bunu da bacarmırlarsa, onda ictimai rəyə hörmət etməyə borcludurlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO