Valideyn basqısının FƏSADLARI – Ali təhsil almadan xoşbəxt olmaq mümkün deyil?!

Valideyn basqısının FƏSADLARI – Ali təhsil almadan xoşbəxt olmaq mümkün deyil?!

Hazırda oxunan: Valideyn basqısının FƏSADLARI – Ali təhsil almadan xoşbəxt olmaq mümkün deyil?!

195492

Xəbər verdiyimiz kimi, Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar edən şagird vəfat edib. İmtahandan sonra valideyn təzyiqinə görə və ya həyatdakı ən mühüm missiyalarının sona çatdığını düşünən gənclər canlarına qıyırlar və bu, ilk hal deyil.

Bəs ali təhsil olmadan xoşbəxt olmaq mümkün deyil? 
 

MÖVZU İLƏ BAĞLI:

Sənəd qəbulunda rekord: Tələbə olmaq istəyənlərin sayı 16 min nəfər ARTIB


Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Qoşqar Məhərrəmov məsələni belə izah edib:

“Valideynlər bilsəydilər ki, ali təhsili olmayanlar, fiziki işlə məşğul olanlar artıq daha xoşbəxt və daha zəngindirlər, övladlarını ali təhsilə qəti məcbur etməzdilər. Süni intellektin inkişafından sonra artıq ofis işlərində çox insana ehtiyac olmayacaq. Hətta süni intellekt hazırda insanların ofislərdə gün ərzində etdiklərini daha yaxşı və sürətli edəcək, edir. Robotlar fiziki işçi qüvvəsini azaltsa belə, yenə də az da olsa, insana ehtiyac qalmaqdadır. 

Lakin insanlar ucdantutma masabaşı, ofis işi istədiyindən fiziki işlər üçün insan tapılmır. Bu problem getdikcə artacaq. Nəticədə əl əməyinin dəyəri gündən-günə artır. Məsələn, aşbaz, bağban, çilingər, rəngsaz, bərbər, dərzi və s. kimi peşələrə kadr tələbi azala bilər, amma sıfır olmayacaq. Az olan yerdə isə dəyər çox olur. Ona görə də övladlarımızı xoşbəxt etmək, onlara gözəl tərbiyə vermək, dünyagörüşü qazandırmaq bizim prioritetimiz olmalıdır. Çiyinlərinə yüklədiyimiz yük onları əzə bilər. Bunu heç zaman istəmərik. 

Məhəllədəki insanların nə deyəcəyini bir kənara atıb övladınızla gözəl vaxt keçirin, onlara yanında olduğunuzu deyin və göstərin. Bundan sonra artıq kəsilər, keçər, qəbul olar-olmaz vacib deyil”. 

Ekspert qeyd edib ki, universitetlərdə tələbələrin öyrəndiklərinin əksəriyyəti bir işə yaramayacaq:

“Onlar həyata 4-5 il daha gec başlayacaqlar və təhsil müddətində kifayət qədər pul xərcləyəcəklər. Universitetlərin əksəriyyəti “işsizəm”sözünü 4-5 il təxirə salmaq üçündür. Əziz valideynlər, buna həm iqtisadi, həm emosional, həm də vaxt baxımından dəyməz. Ona görə övladlarınıza və özünüzə yazığınız gəlsin”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, hər bir valideyn övladının ali təhsil alıb, yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır:

“Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər kəs bacarmır. Nəticədə uşağı ali təhsil müəssisəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə itirirlər.

Uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Bu gün əlbəttə ki, intiharların, xoşagəlməz hadisələrin böyük faiz günahkarı valideynlərdir. Amma valideynlər tək günahkar deyil. Bu kimi hadisələrdə günahkar birinci valideyn, ikinci orta məktəb, üçüncü repetitor və kurslar, sonda isə mühit gəlir. 
Təəssüf ki, hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra 16-17 yaşlı abituriyentlərin intiharı xəbərini oxuyuruq. Onlar valideynlərinin və ətraf mühitin qınağından çox qorxurlar. Bütün valideynlərə üz tutub deyirəm, anlayın ki, uşaqların təhsildə uğursuzluqla üzləşməsi normaldır. 

Siz özünüz bütün həyatınız boyu ancaq uğur qazanmısınız?

Dəhşətlisi isə odur ki, bəzi hallarda valideynlər övladlarına qarşı çox təhlükəli ifadələrdən istifadə edirlər. Deyirlər ki, “Oxuya bilmirsən”, “Ölsən, bundan yaxşıdır” və s. Bu kimi kəlmələr əlbəttə ki, abituriyentləri intihara təhrik edir. Əziz valideynlər, abituriyentlər, sizə əminliklə deyə bilərəm ki, ali məktəbə qəbul olmamaq həyatın sonu deyil! Ali məktəbə qəbul olmaq xoşbəxt olmaq demək deyil”.

Ekspert vurğulayıb ki, həyatda uğur qazanmağın yolu təkcə ali təhsil deyil:

“Təəssüf ki, intiharlara repetitor və hazırlıq kurslarının yalan vədləri də səbəb olur. Belə ki, bu qruplar valideynlərə uşaqların nəticəsi ilə bağlı yalan məlumatlar verirlər. Nəticədə onlar ümidli olurlar. İmtahan nəticələri açıqlananda xoşagəlməz mənzərə ortaya çıxır. Orta məktəblərdə psixoloji xidmətin də zəif təşkil olunması bu halların sayının artmasına səbəb olur.

Abituriyentin intihar etməsində DİM-i günahkar hesab etmək olmaz. Çünki onlar imtahanların bərabər şəraitdə, əlçatımlılığının təmin olunması prinsipi ilə təşkilini həyata keçirirlər.

Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşması və yüksək nəticə əldə etməsi üçün DİM tərəfindən bütün resurslar çap olunub və imkanlar yaradılıb. 

İmtahanda iştirak edən abituriyentlərin, onların valideynlərinin nəzərinə çatdırım ki, əgər ali məktəbə daxil olmasalar, orta ixtisas təhsili müəssisələrinə - kolleclərə müraciət edə bilərlər. Artıq 2019-cu ildən etibarən bu pillədə təhsilini başa vuranlar imtahansız, birbaşa ali məktəblərə qəbul ola bilirlər. 

Bundan başqa, əgər onlar Azərbaycanda ali məktəblərə qəbul ola bilməsələr, daha ucuz və keyfiyyətli ali təhsil üçün xarici ölkələrə üz tuta bilərlər. Bununla yanaşı, əmək bazarında daha tez iş tapmaq üçün peşə təhsilinə üz tuta bilərlər”. 
O qeyd edib ki, ali təhsil alanların heç də hamısı işlə təmin olunmur:

“Bu gün ölkənin 54 ali məktəbində təhsil alan 164 min tələbənin yalnız 42 faizi işlə təmin olunur. Amma peşə təhsili alanların işlə təmin olunma faizi və gəlirləri daha yüksəkdir. Sanki imtahan verən abituriyentlər təkcə qəbul imtahanından kəsilmirlər, həm də həyat imtahanından kəsilirlər. Bu, doğru deyil.

Xoş olmayan tendensiya odur ki, əksər gənclər həyatının uğura gedən yolunu ali təhsil almaqda görürlər. Düşünürlər ki, həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdadır. Əlbəttə ki, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxslər var. 

Təəssüf ki, orta məktəblərdə psixoloq xidməti yetərincə deyil. Onlar valideyn və şagirdlərlə mütəmadi olaraq işləməli, çətin situasiyadan çıxarmaq istiqamətində formalaşdırmalıdırlar. 

Əziz abituriyentlər, yaşayın, həyat yaşamağa dəyər”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO