BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

195487

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub. Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Bəs iyunun 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 4 iyun 1783-cü ildə fransız Monqolfe qardaşları isti hava şarları ilə xalq qarşısında ilk uçuşlarını reallaşdırdılar.

2. Çevrilişlə taxtdan endirilən Osmanlı sultanı Əbdüləziz 1876-cı il iyunun 4-də nəzarətdə saxlanıldığı Feriye sarayında ölü tapıldı.

3. 4 iyun 1878-ci ildə Osmanlı imperatorluğu ilə İngiltərə (Birləşmiş Krallıq) arasında Kipr Müqaviləsi imzalandı və Kiprin (Qıbrızın) idarəsi müvəqqəti olaraq Böyük Britanyaya keçdi. Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövləti Almaniya ilə ittifaq qurduğu üçün İngiltərə Kipri ilhaq etdiyini açıqladı və adada 1960-cı ilə sürən ingilis hakimiyyəti başladı.

4. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında Dostluq Müqaviləsi imzalandı. Bu, Azərbaycan Demokratik Respublikasının xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Sənədin giriş hissəsində yazılmışdı: “Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlib”.

5. 1932-cü ilin 4 iyun tarixindən Türkiyədə xarici vətəndaşların dövlət işlərində çalışması rəsmən qadağan edildi.

6. 4 iyun 1977-ci ildə Apple istehsalı olan ilk stolüstü kompyuter satışa çıxarılıb.

7. 1982-ci il iyunun 4-də İsrail silahlı qüvvələri Livanın paytaxtı Beyrutu bombardman ediblər. Hadisədən 1 il sonra Birləşmiş Çmillətlər Təşkilatı bombardman nəticəsində həlak olan uşaqların xatirəsini əbədiləşdirmək barədə qərar qəbul etdi. 1983-cü ildən 4 İyun Təcavüz Qurbanı olan Uşaqların Beynəlxalq Xatirə Günüdür. 

8. 4 iyun 1989-cu ildə Çində universitet tələbələri tərəfindən başlanılan Tyananmen üsyanı əsgərlərin qanlı müdaxiləsilə başa çatdı. Çin ordusunun nümayişçilərə həqiqi güllədən istifadə etməsi nəticəsində yüzlərlə tələbə həyatını itirdi, 7 mindən çoxu yaralandı.

9. 2012-ci ilin 4 iyununda Myanmarın Arakan bölgəsindəki 10 müsəlman gənc bütpərəst qrupun bıçaqlı hücumu nəticəsində həyatını itirdi. Gərginlik nəzarətdən çıxdı: ölkənin Cunta hakimiyyəti bütpərəstlərin Arakan müsəlmanlarına hücumlarına göz yumdu.

4 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Mollanəsrəddinçi şair Bayraməli Abbaszadə 1869-cu ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib. İbtidai təhsilini mollaxanada alan Bayraməli 20-ci əsrin əvvəllərində Bakıya gəlib, “Molla Nəsrəddin” jurnalında “Hambal” imzası ilə yazılarını çap etdirib.  Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başlananda Təbrizə gedərək Səttarxanla çiyin-çiyinə döyüşüb, səttarxançıları tərənnüm edən şeirlər yazan Bayraməli Abbaszadə hərəkatın məğlubiyyətindən sonra təqib edildiyindən yenidən Bakıya qayıdıb, ömrünün sonunadək burada yaşayıb, seçilmiş əsərlərini buraxıb. (1869-1926)

2. 4 iyun lətifələri və səyahət yazılarıyla tanınan, müasir Türkiyə şeirinin görkəmli nümayəndələrindən biri Əhməd Haşimin xatirə günüdür. O, 1933-cü ilin bu günü 49 yaşında dünyasını dəyişib. (1884-1933)

3. Azərbaycan idmanının görkəmli simalarından biri, məşqçi Şamil Şamxalov 1926-cı ilin 4 iyununda Bakıda anadan olub.  20 ildən artıq bir dövrdə Azərbaycanın seçmə kollektivlərinə və qadınlardan ibarət “Neftçi” voleybol komandasına rəhbərlik edib. 1966-cı ildə “Neftçi” voleybolçuları Şamil Şamxalovun rəhbərliyilə bürünc, 1 il sonra gümüş medal qazanıblar. Onun yetirmələri arasında olimpiya, dünya və Avropa çempionları olmuş İnna Rıskal, Vera Lantratova, Oqtay Ağayev, Yaşar Abbasov və başqaları var. (1926-2004)

4. Azərbaycanın tanınmış xanəndəsi Fatma Mehrəliyeva 1926-cı ildə Qubada anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhətilə Bakıda musiqi məktəbində təhsil alan Fatma 18 yaşından Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul olunub, muğam, bəstəkar və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb.  Fatma Mehrəliyevanın ifasında “Kəsmə Şikəstə” muğamı Azərbaycan radiosunun “Qızıl Fond”unda saxlanılır. O həm də “Arşın mal alan” filmində Telli rolunda çəkilib. (1926-2000)

5. 4 iyun 1929-cu ildə  kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO