Xəbər verdiyimiz kimi, 24-31 may tarixlərində Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
8 gün davam edən Festival Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr ədəbiyyatına həsr olunub.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı - FOTO
Festivalda yüzdən çox yazıçının imza günü keçirilib və onlar öz kitablarını oxucularına təqdim ediblər. Rəngarəng keçirilən festivalda hər günün həsr olunduğu ölkənin şair və yazıçılarının poeziyalarından, əsərlərindən bəhs olunub. Tədbir çıxışçıları şair və yazıçıların həyat və yaradıcılığına nəzər salaraq, tamaşaçıları türk dövlətlərinin ədəbiyyatı və şeiriyyatı ilə tanış ediblər.
Festivalda imza gününün keçirildiyi qələm adamlarından biri də xalq şairi Ramiz Rövşən olub. Şair tədbir zamanı oxucuları ilə görüşüb, sevilən şeirlərrini səsləndirrib, daha sonrra isə kitablarını oxucularrına təqdim edib.
Xalq şairi Ramiz Rövşən Bizim.Media-ya festivalın əhəmiyyətindən danışıb:
“III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının işini yüksək qiymətləndirirəm. Bu kimi tədbirlər Azərbaycan ədəbiyyatının qorunub saxlanılması üçün vacibdir. Bunlar hamısı ədəbiyyatımızı, mənəviyyatımızı qoruyub saxlamaq üçündür. Yəni hər bir xalqın mənəvi ərazisi onun ədəbiyyatıdır və bunu qorumaq hər kəsin borcudur. Biz bu gün həmin mənəvi ərazinin gözəl parçasını görürük. Coğrafi ərazimizdə Göygöl, Xəzər dənizi varsa, mənəvi ərazimizdə də şeiriyyatımız var”, - deyə xalq şairi bildirib.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Müəllifləri Birliyi (BTMB), Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalı olub.
Nuranə Daxilqızı, Bizim.Media