Bakının Yasamal rayonunda Tövbə məscidinin (Nəriman Nərimanov abidəsinin aşağısı) yaxınlığında yerləşən Süleyman Tağızadə küçəsində hərəkət sxeminin dəyişdirilməsi işləri aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə “caliber.az”a Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, xüsusilə, avtomobillərin nasazlığına səbəb olan dik yoxuşun (sürücülərin keçmiş Avropa liseyinin binası və məscidi keçərək N.Nərimanov abidəsinə çıxdıqları yol) əvəzinə dolayı yol inşa edilir.
Yeni yol məscid binasından yan tərəfə, Mərkəzi parka doğru uzanacaq və Nəriman Nərimanov prospektinə (keçmiş Sovetski küçəsi) çəpinə çıxacaq.
İşlər Mərkəzi parkın ərazisinin genişləndirilməsi (Təzə pir məscidinin yuxarısındakı sahə hesabına) və ətraf ərazinin abadlaşdırılması çərçivəsində növbəti mərhələ kimi həyata keçirilir.
Bizim.Media