Kolbasa istehsalında YENİ TƏLƏB – Məhsulun halal ya haram olduğu necə MÜƏYYƏN EDİLƏCƏK?

Kolbasa istehsalında YENİ TƏLƏB – Məhsulun halal ya haram olduğu necə MÜƏYYƏN EDİLƏCƏK?

Hazırda oxunan: Kolbasa istehsalında YENİ TƏLƏB – Məhsulun halal ya haram olduğu necə MÜƏYYƏN EDİLƏCƏK?

194340

Kolbasa və kolbasa məmulatlarının halallığı məsələsi yenidən gündəmə gəlib. Hətta Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinə başlayıb. 

Belə ki, institut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb.

Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.

Həmçinin qeyd edilib ki, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib.

Halallıq dedikdə hansı kriteriyalar nəzərdə tutulur?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, məhsulların üzərində “halal” sözündən istifadə o deməkdir ki, həmin məhsullarda İslam dininin qaydalarına uyğun şəkildə və dinimizdə qadağan olunmayan məhsullardan istifadə olunub:

“Burada heyvanın kəsimindən tutmuş emala qədər bütün prosesdə halallıq prinsipləri gözlənilməlidir. Bu qida və qeyri-qida məhsulları istehsal edən şirkətlərə də aiddir. “Halal” sertifikatını alan şirkətlər məcburi qaydada bu tələblərə cavab verməlidir. 

Halal məhsullarda donuz ətindən və yaxud donuzdan alınan hər hansı qatqı maddəsindən istifadə qadağandır. Eyni zamanda, qan və qandan hazırlanan yarımfakrikatlar da buna aiddir.Tərkibində kanserogen və GMO olan məhsullardan da istifadə olunmamalıdır. Sanitar-gigiyena qaydalarına da ciddi əməl edilməlidir. 

Mütləq şəkildə istehsal peşəkar mütəxəssislər tərəfindən təşkil olunmalıdır. Ən əsası isə istehsal prosesində donuz ətindən və ondan alınmış qatqılardan istifadə qadağandır”.

Məsləyə ilahiyyatçı Tural İrfanın münasibəti isə fərqli olub: 

“Ölkəmizdə bəzi istehsal müəssisələrinin istehsal etdiyi kolbasa məhsullarının üstünə "halal" yazırlar. Bu da ölkədə dini camiəni, inanclı insanları bu məhsuldan istifadəyə cəlb etmək üçündür. 

Əvvəla dövlətimiz teokratik yox, demokratik, tolerant ölkədir. İstehsal edilən məhsulların bir dinin tələblərinə görə halal-haram təsnifatına bölünməsi doğru olmaz. Onda yəhudi, xristian, bəhai, krişna icmalarının da inancına görə onlar da şirkət açıb halal-haram təsnifatı apara biləcək? Məsələn, provaslavlar donuz kolbasası istehsal edib üstünə də "halal" yaza bilər. Çünki onların etiqadına görə donuz əti halaldır.

Hesab edirəm ki, ərzaq məhsullarının dini terminlərdən istifadə edərək reklamının aparılması doğru deyil. Onsuz da bütün məhsulların üstündə tərkibi yazılıb. Bunların “halal” yazdığı kolbabasının üstündə düzgün şəkildə tərkibini yazsınlar, bu kifayətdir”. 

Bəs, “halal” yazılmayan kolbasanı müsəlmanların istehlak etməsi doğrudurmu?

İlahiyyatçı qeyd edib ki, ölkədə istehsal edilən bir çox qida məhsullarının tərkibi insanlar üçün zərərlidir:

“Bu baxımdan da ziyanlı qidaları qəbul etmək haram sayılır. Bu ət də ola bilər, qeyri ərzaqlar da. Ona görə də reklam və dövriyyəni artırmaq üçün  "halal" terminindən istifadə yanlışdır. Yeyilməsi icazəli olan qidalara şəriətdə "mübah" deyilir. Mübah, yəni yeyilə bilər. Halal isə ümumi bir termindir, haramın qarşılığıdır. Bu termini qidanın üstündə işlətmək dövlətin dünyəvi qanunlarına ziddir, başqa dinlərin mənsublarına qeyri-tolerant yanaşmadır”.

Tural İrfan hesab edir ki, məhsulun halal-haramlığını şirkət elan edə bilməz:

“Məhsulun üzərində yazılan tərkibinə əsasən müəyyən olur ki, hər kəs öz dininə görə onu yeyə bilər, yaxud yeyə bilməz. Yoxsa onun üzərində xüsusi olaraq “halal” yazmaq reklamdır və başqa dinlərin, konfessiyaların mənsublarına qeyri-tolerant yanaşmadır. Dini baxımdan da əsla şəriətə uyğun deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO